c8c999db-a7e4-4c7b-b136-8b88020c144a..jpg

Rəmişin həyat yoldaşı: “Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki…”

Baxış sayı: 451 dəfə baxılıb.

Rəmişin həyat yoldaşı: “Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim
icazə verir ki…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər
məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana
yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir
edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 min manata
satıb. Mənim evim villa deyil, bir şey deyil. Yalandan özlərindən qiymət
qoyublar. Bu mənim şəxsi işimdir, heç kimin ixtiyarı yoxdur qarışsın. Xeyir
ola, Gülü ilə maraqlanırlar?! Mən sakit həyat yaşamaq istəyirəm. Heç kimim
yoxdur. Nə atam var, nə bacım-qardaşım, nə də övladım. Allah kimi mən də təkəm.
Məni bu jurnalistlər çox incitdilər, qəlbimə dəydilər. Onsuz da, yaram özümə
bəsdir. Niyə yenidən yaralayırlar? Ağlamaqdan sağ gözüm tutulub, görmürdü.
Həkimə gedib müalicə aldım”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rəmişin xanımın Gülü deyib. O,
daha sonra əlavə edib.

“Ən böyük arzum tezliklə Rəmişə qovuşmaqdır. Başqa arzum yoxdur. Bu dünyadan
doydum daha. Rəmiş rəhmətə gedəndə dövlətimiz məzarlıqda yer ayırdı. Onun
yanında da kiçik bir yer var. Mənim də yerim oradır. Dünyamı dəyişəndən sonra
orada dəfn olunacağam. Dünən Rəmişin məzarını ziyarət etdim. Sağ olsunlar,
gitara ifaçıları gəlib ziyarət ediblər, onu yada salıblar. Əklil də qoyublar.
Rəmiş kimi şan-şöhrətli olsunlar. Hər dəqiqə onu yuxuda görmürəm. Bəzən
görürəm. Yeri boş qalıb. Rəmişin pal-paltarını ehtiyacı olan insanlara verdim.
Hər geyinəndə ona rəhmət oxusunlar. Gitarası, tarı, royalı, üzüyü, saatı isə
evimdədir. Heç bir muzeyə verməyəcəyəm. İndi muzey var? Burdan alacaqlar, o
yandan gedib satacaqlar. Bir oğul ki, atanı, ananı öldürür, kənara mənim nə
etibarım ola bilər?!”, – deyə sənətkarın xanımı bildirib.

Gülü xanım dolanışığından da danışıb.

“Camaat necə dolanırsa, mən də elə dolanıram. Hər şeyim var. Şükür Allaha, ac
deyiləm. Rəmişin vaxtında nə pal-paltar almışamsa, onu geyinirəm. Bundan sonra
heç nə alan deyiləm. 70 yaşım var, kimə qalacaq?! Paltarlarım heç köhnəlmir,
səliqəli geyinirəm. Niyam Salaminin yanında restoranda çalışıram. Niyam məni
heç yerə buraxmır. Allah ondan kömək olsun. Məni evdən heç kim çıxara bilmirdi,
bunu ancaq Niyam bacardı. Mənə bacısı kimi münasibət bəsləyir. İş görməyə də
qoymur. Deyir ki, başını qarışdır, yanımda gəz. Niyamdan başqa böyük
sənətkarımız Qədir Rüstəmovun ailəsi, İmişlidən Cavid adlı şəxs var ki, mənə
dəstək olurlar”, – deyə o bildirib.

Source link