“Rəngli inqilablar”ın yeni hədəfi: Qərb Serbiyanı qarışdırır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ və Avropa Gürcüstan, Ukrayna, Qırğızıstan, Suriya və s. ölkələrdə həyata
keçirdikləri inqilab ssenarilərini bu dəfə Serbiyada reallaşdırmağa çalışırlar.
Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri hər vəchlə ölkələrin
suverenliyini təhdid edir, yeni münaqişə ocaqları alovlandırırlar. Yuxarıda
adları çəkilən ölkələrdə yaşanan fəlakətlər, milyonların çəkdiyi zülm,
yüzminlərin məhv olması belə, bu oyunları quranları yolundan çəkindirmir. Bu
dəfə “zəif bənd” kimi Serbiya seçilib. Paytaxt Belqrad artıq neçə gündür ki,
bir qrup şəxsin seçkilərin nəticələrinə etiraz adı altında keçirdiyi hücumlara
şahidlik edir.
Beləliklə, dekabrın 18-də baş tutan parlament və bələdiyyə seçkilərinin
nəticələrinə qarşı etirazlar təşkil olunub. Belqradda fasiləsiz mitinqlərə
başlayan “Serbiya Zorakılığa Qarşı” müxalifət bloku şəhər administrasiyasının
binasına daxil olmağa çalışıb, hətta içəriyə daş və pivə qutuları atıblar.
Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər. Serbiya Prezidenti
Aleksandr Vuçiç paytaxtdakı nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının
təcili iclasını çağırıb.
O, xalqa müraciəti zamanı bir sıra məqamlara toxunub. Dövlət başçısının
sözlərindən bəlli olub ki, xüsusi xidmət orqanları iğtişaşların hazırlanması
barədə əvvəlcədən məlumatlı olublar.
“Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da,
narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi
nümayişçilərin heç birini incitməməyə çalışırıq”, – o qeyd edib. A.Vuçiç
söyləyib ki, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad
Şəhər Administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ
keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən
məlumatlandırıblar.
Beləliklə, eyni ssenari və eyni plan. Yenə də xalqdan xəbərsiz formada bir
qrup şəxs spontan formada küçələrə çıxıb hökumət binalarına, əhalinin sıx
toplaşdığı yerlərdə aksiyalara başlayıb. “Demokratiya ixracı” adı altında
başladılan budəfəki aksiyanı “rəngli inqilablar”ın davamı adlandırmaq üçün
bütün əsaslar var.
Əcnəbi politoloqlardan birinin ifadə etdiyi kimi, postsovet məkanını
inqilablara sürükləyən Qərb strukturları və dövlətləri planı həyata keçirmək
üçün ustalıqla zəif bənd seçir və onu reallaşdırmağa çalışırlar. Yəni bir növ
“tutar-tutmaz” prinsipi ilə hərəkət edilir. Əksər ölkələrdə də planı reallaşıb.
Məlum olduğu kimi, Azərbaycan da vaxtilə bu planın tərkib hissəsində olub.
“Rəngli inqilablar”ın arxasında dayananların düşdüyü uğursuzluq zolağı haqqında
danışarkən Azərbaycanda 2003-cü il prezident, 2005-ci il parlament seçkilərini
yada salmaq kifayətdir. Həmin vaxt bəzi xarici ekspertlər postsovet məkanını
bürüyən “rəngli inqilablar”ın Azərbaycandan da yan keçməyəcəyi barədə silsilə
proqnozlar verirdilər. Lakin proqnozları elə proqnoz olaraq qaldı da. Səbəb
nədir? Sadəcə, Azərbaycan xalqı həmin dövrdə öz müdrikliyini bir daha nümayiş
etdirdi. Xalqımız sabitliyi, inkişafını və dövlət maraqlarını üstün tutdu,
seçki zamanı dəstəklədiyi namizədin tərəfində dayandığını bir daha nümayiş
etdirdi. Bu fakt da bir daha Azərbaycanda keçirilən seçkilərin xalqın iradəsinə
əsaslandığını sübut etmiş olub.
Serbiyada da “inqilab ssenarisi”ni Qərbin planlarının tərkib hissəsi
adlandırmaq olar. Mümkün ssenarinin həyata keçirilməsinə çalışıldığı açıq-aydın
hiss olunur.
Maraqlı və diqqətçəkən məqam Serbiyada seçkilərin nəticələri elan olunduqdan
xeyli sonra aksiyaların başlamasıdır. Seçki prosesinin gedişində nə
müxalifətin, nə də müstəqillərin proseslə bağlı narazılıqları səslənmirdi.
Yerli medianın da yazdığına görə, spontan formada, qəfil bir qrup insan
küçələrə çıxıb etirazlarını bildirib.
Niyə məhz Serbiya?
Birincisi, məsələ ondadır ki, bu ölkə xarici siyasətdə balanslı siyasət
yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə sıx əməkdaşlıq edir. Rusiyanı
sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu
səbəbdən də inqilaba cəhd göstərir.
İkincisi, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları onların
xoşuna gəlməyib. A.Vuçiç bir neçə dəfə Qərbin ölkəsini zəiflətməyə çalışdığını
bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir
zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər.
Maraqlıdır ki, seçki prosesini izləyən müşahidəçilər proseslə bağlı heç bir
qanun pozuntusunun olduğunu bildirməyiblər. Lakin qəfildən sosial şəbəkələrdə
rast gəldikləri qanun pozuntuları barədə məlumat verməyə başlayıblar.
Törədilən iğtişaşların arxasında kollektiv Qərbin dayandığını Rusiya da bəyan
edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bunu sübut edən
faktlar olduğunu dilə gətirib.
“Hər vəchlə “Maydan çevrilişləri” üsullarından istifadə edərək bu ölkədəki
vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir”, – o bildirib. M.Zaxarovanın
qənaətincə, bu vəziyyətə yeganə mümkün cavab konstitusiyaya ciddi riayət etmək,
milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.
Üçüncüsü, iğtişaşları törətməklə məqsəd Serbiyanı zəiflətmək, onun Rusiyaya
qarşı sanksiyalara qoşulmasını təhrik etməkdir. Bəllidir ki, öz siyasətini
yeritmək üçün Qərb, ABŞ, USAID dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər –
özlərinə uyğun hökumət formalaşdırıb dövləti təzyiq altında saxlamaq istəyirlər.
Dördüncüsü, Serbiyanı Kosovonun müstəqilliyini tanımağa təhrik edirlər.
Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf
Şoltsun çağırışları da var. Lakin Serbiya bununla barışmır. Yenə də burada
Azərbaycanı xatırlatmaq istərdik. Qərb, onun diktəsi ilə qurulan ATƏT-in keçmiş
Minsk qrupu hər vəchlə Azərbaycanın işğal faktı ilə barışmağını, güzəştlərə
getməsini istəyirdilər. Nəticə də göz önündədir. Azərbaycan heç bir təzyiqi
yaxın buraxmadı, öz suverenliyinə sahib çıxdı, torpaqlarını işğaldan azad etdi.
Görünən odur ki, artıq “rəngli inqilab”ın baş verdiyi Ukraynadan hər kəs dərs
çıxarır. Ölkə torpaqlarında irimiqyaslı müharibə gedir, torpaqları işğal
altındadır, milyonlarla insan ev-eşiyindən məhrum olub. Qərbin vəd etdiyi
yardımlar isə görünmür. Təsadüfi deyil ki, Ukraynadan sonra heç bir ölkədə
inqilab ssenarisi baş tutmayıb. Sadəcə, hər kəs açıq gördü ki, Qərb Ukraynada
faktiki olaraq öz maraqlarını güdür.
“Report” İnformasiya Agentliyi