f476db48-af84-4fdc-a4a4-b7e643f99aeb..jpg

Rəqabət orqanı və rəqabət komissiyası olacaq – Məcəllədə YENİLİK

Baxış sayı: 542 dəfə baxılıb.

Rəqabət orqanı və rəqabət komissiyası olacaq – Məcəllədə YENİLİK

Rəqabət orqanı rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini
həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən
və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni
təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
olacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində
əksini tapıb.

Layihəyə əsasən, rəqabət orqanının bu Məcəlləyə uyğun olaraq qəbul etdiyi
qərarları onların aid olduğu bütün bazar subyektləri üçün məcburidir.

Xidməti fəaliyyətlə əlaqədar rəqabət orqanının işçisinin və ya onun ailə
üzvlərinin əmlakına dəymiş zərər, onun müraciəti əsasında, məhkəmə qaydasında
təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.

Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun
pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət
komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət
komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq olunur.

Rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar
subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin
müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır.
Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması rəqabət
komissiyasının qərarı əsasında həyata keçirilir. Qərar 5 (beş) iş günü
müddətində işin tərəflərinə təqdim olunur. İş qaldırılması haqqında qərarda
bütün mühüm faktlar, pozuntunun müəyyən edilməsinə hüquqi əsas, işə baxılması
müddəti və cavabdehin rəqabət orqanına öz mövqeyini əsaslandırmaq üçün
etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmə müddəti göstərilməlidir.

Öz mövqeyini əsaslandırmaq məqsədilə etirazlarını, mülahizələrini və
sübutlarını təqdim etmək üçün işin tərəflərinə 10 (on) iş günündən az olmayan
müddət müəyyən edilir. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işə
rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətləri
üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan 3 (üç) ay müddətinə
baxılır. İşə baxılması üçün əlavə müddət tələb olunduqda həmin müddət rəqabət
komissiyasının əsaslandırılmış qərarına əsasən hər dəfə 3 (üç) ay müddətinə
uzadılmaqla 9 (doqquz) ayadək artırıla bilər. Rəqabət komissiyası tərəfindən
işlərə qapalı və açıq iclaslarda baxılır. İnformasiyanın, qanunla qorunan hər
hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses
iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin
tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının
qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər
şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda
proses iştirakçılarının müraciəti və ya rəqabət komissiyasının təşəbbüsü ilə
işə baxılma iclası qapalı keçirilə bilər. Rəqabət komissiyasının iclası
komissiyanın sədri və üzvlərinin azı yarısı iştirak etdikdə səlahiyyətlidir.

Rəqabət komissiyasında baxılan işin tərəfləri bunlardır: ərizəçi, cavabdeh və
maraqlı tərəflər.

Source link