f38cccd2-f5d9-4612-885e-ccced6aae5ff..jpg

Rəqsanədən gözlənilməz addım: Təranənin razılığı olmadan qızlarını aparıb…

Baxış sayı: 768 dəfə baxılıb.

Rəqsanədən gözlənilməz addım: Təranənin razılığı olmadan qızlarını aparıb…

Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, həbs olunan prodüser
Təranə Səmədovanın övladlarını himayəsinə götürüb.

Yenisabah.az xəbər verir ki, müğənni valideynlərdən etibarnamə almadan
prodüserin qızlarını sığınacaqdan götürərək bağ evinə aparıb.

Məsələ ilə bağlı danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu
faktı təsdiqləyib. O, bildirib ki, uşaqlar hazırda Rəqsanə İsmayılovanın
yanındadır:

“Valideyn icazəsi ilə bağlı olan məsələyə aydınlıq gətirim. Valideyn hazırda
təcridxanadadır. İkincisi, uşaqlar dövlət qurumlarının iştirakı ilə sığınacağa
təhvil veriliblər və uşaqların istəkləri ilə bir müddət – rəsmi qəyyum təyin
olunanadək Rəqsanə İsmayılovanın yanında qalmaları qərara alınıb. Biz bununla
bağlı aidiyyəti qurumlara da məlumat vermişik”.

Onun sözlərinə görə, uşaqlar müğənninin yanında qaldıqları müddətcə aidiyyəti
orqanlar tərəfindən nəzarətdə saxlanılırlar və onların vəziyyəti ilə bağlı
mütəmadi məlumat alınır:

“Uşaqlar Rəqsanə İsmayılovanın yanında qaldıqları müddətdə Sosial Xidmətlər
Agentliyi, Xətai Rayon İcra Hakimiyyəti, polis bölməsi hər biri uşaqların
vəziyyəti ilə yerində gedib maraqlanıb, mən də getmişəm. Bu ziyarətdə iştirak
edib uşaqların vəziyyətini qiymətləndirmişəm.

Ananın icazəsi olmadan dediyiniz məsələyə gəldikdə isə, ana bu iki ay boyu gah
dedi ki, övladlarım uşaq sığınacağında qalsın, gah dedi Rəqsanəyə etibarnamə
verirəm. Bütün səlahiyyətlər qanuni nümayəndə olaraq Xətai Rayon İcra
Hakimiyyəti yanındakı komissiyaya aid olduğuna görə, uşaqlar adıçəkilən
qurumlar tərəfindən nəzarətdə saxlanılır”.

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə
tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbi ilə
ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa
çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi
üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs
cəzası verməyib. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst
buraxılıb. Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim
Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.

Source link