Xalq artisti Aygün Kazımovanın bu gün təqdim etdiyi “Hardasan” adlı mahnının illər əvvəl bəstənin müəllifi İsmayıl Əsədov tərəfindən müğənni Rəqsanə İsmayılovaya satdığı ortaya çıxıb.
Belə ki, sözləri Gülağa Tənhaya, musiqisi İsmayıl Əsədova aid olan mahnını ifaçılar müxtəlif adlarla təqdim ediblər.
Bunu “Instagram”da Rəqsanənin qızı Aysun İsmayılova yazıb:
“Bu mahnı illər öncə ifa olunub. Anamın mahnısıdır. Son zamanlar anamın yoxluğundan istifadə edib, onun mahnılarını oxuyurlar. Deməli, Rəqsanə illərdir efirlərə çıxmasa belə, yaddaşlardan silinmir”.
Məsələ ilə bağlı ÇıxışYolu.Com-a danışan mahnının bəstəkarı İsmayıl Əsədov isə Rəqsanənin mahnını 10 il bundan öncə aldığını deyərək Aysunun iddiasını təsdiqləyib:
“Rəqsanə 10 il bundan əvvəl məndən mahnını aldı, lakin ortaya çıxarmadı. Mən də üç ay öncə əlaqə saxlamağa çalışdım, deyim ki, ay Rəqsanə, sən bu mahnını necə etmək istəyirsən? Ondan da səs çıxmadı. Əslində, bizim Rəqsanə ilə pis münasibətimiz yoxdur. Niyə belə edir, onu da bilmirəm”.
Əsədov bildirib ki, mahnının yaşamasını istəyib:
“Bu, bilirsiniz, nəyə bənzəyir? Elə bilin ki, Rəqsanə övladını uşaq evinə qoyub, böyüyəndən sonra gəlib deyir ki, anası mənəm. Mahnının yaşamasını istədim, ona görə də ad günündə Aygünə hədiyyə etdim”.
Aygün Kazımova mahnını “Hardasan” adı ilə ifa edərək klip də çəkdirib.
Kazımovanın mahnını ifa edəcəyini eşidən həmkarı gecə ilə studiyaya girərək “İntizar”ı ifa edib və tizerini yayımlayıb.
12 mart tarixində isə şəxsi “YouTube” kanalına yerləşdirib.