Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, məhkəmənin hökmü ilə Fərid Azayev 11 il, Faiq Azayev 6 il 6 ay, İsif Azayev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S.M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Bununla əlaqədar onlara qarşı CM-nin 144-cü (adam oğurluğu) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
2017-ci il fevralın 21-də bu maddələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Sona Kərimova isə 2700 manat cərimələnib.
Onlar həbsdə olduqları müddətdə ataları İsif Azayev də saxlanılıb. Bu dəfə Azayevləri istintaq CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirib.
Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.