a7a77ebb-61c0-4830-afa6-05d8ef7d0b71..jpg

Rəşad Nəbiyev: “Azərbaycanda yol qəzalarında ölənlərin sayı dünyadakı göstəricilərdən yüksəkdir”

Baxış sayı: 827 dəfə baxılıb.

Rəşad Nəbiyev: “Azərbaycanda yol qəzalarında ölənlərin sayı dünyadakı
göstəricilərdən yüksəkdir”

“10 il əvvəl ilə müqayisə etsək, bu gün ölkədə istər mədəniyyət sahəsində,
istərsə də yol hərəkəti ilə baş verən dəyişikliklər Azərbaycanda kifayət qədər
sürətli inkişafın getdiyini göstərir”.

Cixisyolu.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda yol hərəkəti
təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış konfransında
çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, dünyada hər il 1 milyon 300 min insan yol hərəkəti
qaydalarının pozulması zamanı həyatını itirir:

“Bu hər 30 saniyədə bir insan ölümü deməkdir. Buna geniş miqyasda baxsaq, bir
ailənin, nəslin faciəsi deməkdir. Yol hərəkəti qaydalarının pozulması, bu zaman
həyatını itirən insanların ailələrinə dəymiş ziyan, eləcə də yol
infrastrukturuna dəymiş ziyan ümumilikdə hər il təxminən 500 milyard ətrafında
dəyişir.

Azərbaycanda ölkə başçısı tərəfindən 2019-cu ildə ölkədə yol hərəkəti
sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq sənədlər
imzalanıb. Bu sənədə əsasən, Daxili İşlər Nazirliyinin rolunu xüsusi qeyd etmək
istərdim, çünki onların fəaliyyəti nəticəsində irəliləyişlər əldə edirik”.

R.Nəbiyev inkişafa baxmayaraq, hələ də Azərbaycanda yol hərəkəti hadisələri
nəticəsində həyatını itirənlərin statistikasından dolayı təəssüfləndiyini
bildirib:

“Ötən il yol qəzalarında həyatını itirmiş şəxslərin sayı 834 nəfər olub. Bu,
istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir.
Amma bu bizə imkan verir ki, qəbul edilən proqramlar çərçivəsində səhvlərimizi
görək, onları təkmilləşdirək, bu günə qədər qazanılan uğurlara fokuslanıb,
onları daha da irəli apara bilək”.

Könül Cəfərli

Source link