Rəşad Sadıqov karyerasını bitirməsi barədə: Hər şeyin öz vaxtı var

Baxış sayı: 2. 749 dəfə baxılıb.

Rəşad Sadıqov karyerasını bitirməsi barədə: Hər şeyin öz vaxtı var

Hamımız qələbə qazanaraq, çempion olmağa köklənmişdik. Ötən turdan sonra “Neftçi” ilə aramızda beş xallıq fərq qalırdı. “Bu tur çempion olacağımızı gözləyirdim” desəm, yalan olar. Allaha çox şükür ki, bunu bacardıq. Çox xoş hisslərdir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov “Səbail” üzərində 4:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Ümumilikdə yeddinci, ardıcıl altıncı çempionluğun rəsmiləşdiyi matçdan sonra o, bir sıra maraqlı məqamlara da toxunub.

“Komandalar arasında son turadək gərgin mübarizə, maraqlı yarış getdi. Hər iki komanda idman prinsiplərinə riayət etdi. Aramızda centlmensayağı yarış oldu. Son turlarda daha çox uğur qazandıq və çempion olduq.

“Neftçi” ilə şəxsi qarşılaşmalarda vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, mütləq iki top fərqi ilə qələbə qazanmalı idik. Bunu nəzərə alsaq, son tura qədər iki xal fərqimiz olacaqdı. Hər kəs istəyər ki, daha tez çempion olsun, qələbə qazansın. Amma bu barədə düşünmürdük. “Neftçi”nin bundan əvvəlki turdakı xal itkisi, “Sumqayıt”ın onlara qalib gəlməsi bizim üçün gözlənilməz oldu.

Bu il hər iki klub çempionluğa yaxın idi. “Neftçi” də yaxşı oyun nümayiş etdirdi. Çempion olsaydılar, biz onları təbrik edəcəkdik. Belə deyək, xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik deyə, çempion olduq”.

Sonda 36 yaşlı Rəşad Sadıqov karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı danışıb:

“Bütün fikrimi çempionata yönəltmişdim. Bu barədə qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çempionata yönəldək. Hər şeyin öz vaxtı var”.