ff19a79e-a79f-44a4-9ba0-968cedf8007b..jpg

Rəşad Sadıqov: “Mən vəzifə xəstəsi deyiləm”

Baxış sayı: 504 dəfə baxılıb.

Rəşad Sadıqov: “Mən vəzifə xəstəsi deyiləm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turu
çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini
bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi.
Hamı bilirdi ki, burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə
bilər, ya da geri sala bilər. “Sumqayıt” çox yaxşı formadadır. Futbolçularıma
apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə
qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi.
Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini
artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri
çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss
olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq.

“Sumqayıt” əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə
üstünlük verdi. Aramızdakı iki xallıq fərqi qoruya bildik. Ən azı bir heç-heçə
limitimiz var. İki xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu
gün səfərdə bir xal qazandıq.

Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Əgər medallar uğrunda mübarizə
aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də
şansımız var. Sona qədər mübarizə aparacağıq.

Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu
rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, “Neftçi”də, “Qarabağ”da,
milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var.
Karyeramın yarısı “Neftçi”də keçib. Böyük futbolda ilk addımlarımı orada
atmışam. Daha sonra karyeramın vacib hissəsini “Qarabağ”da keçirmişəm. 17 il
isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir.
İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah
“Qarabağ”da da, “Neftçi”də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi
olmayacağam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş
verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi “Zirə”yə
yönəltmişəm. Çempionat gərgin keçir. “Neftçi” rəhbərliyi də bu anda heç bir
məşqçiyə təklif göndərməz. Bu, şayiədir. Aramızda heç bir söhbət yoxdur.
Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim. Məşqçi kimi
fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Mənim “filan komandanın baş
məşqçisiyəm” kimi dərdim yoxdur. Əgər xeyir verə biləcəyəmsə, o təklifi qəbul
edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, “Zirə”yə xeyir
vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o
qədər də önəmli deyil. Qarşıda vacib oyunlar gəlir. İki illik müqavilə
bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək.
Əgər həqiqətən də komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə
xəstəsi deyiləm”.

Source link