Rəşid Behbudovun doğum günüdür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür.
Cixisyolu.com-ın məlumatına görə, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə
xanəndə ailəsində dünyaya gəlib.
Sənətkarın atası o dövrün tanınmış xanəndəsi Məcid Behbudalı oğlu, anası isə
Qazaxın Yuxarı Salahlı kəndindən olan Vəkilovlar nəslinin nümayəndəsi Firuzə
xanım olub.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryol Texnikumuna
daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən
sonra Tbilisi estrada qruplarından birində solistliyə başlayıb, İkinci Dünya
müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında çıxışlar edib.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı
operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola
dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki
Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə
bu filmdəki “Əsgər” roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif
olunub.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya
Festivalında çıxış edib.
1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə
fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının
solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının
təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz,
balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan
Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii
rəhbəri olub.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili,
Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s.
ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının
və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə
populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında
“Uzaq Hindistanda” kitabını yazıb.
1959-cu ildə ona “SSRİ Xalq artisti”, 1980-ci ildə “Sosialist Əməyi Qəhrəmanı”
adları verilib. SSRİ-nin “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu”
ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına
layiq görülüb.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Qeyd edək ki, sənətkarın bir qız övladı yadigar qalıb. Qızı Rəşidə Rəşid
Azərbaycanın tanınmış opera müğənnisidir.