304fe1a1-3148-4bf9-9418-2a7e218f8250..jpg

Rəsmi Bakıdan ermənilərin növbəti təxribatı ilə bağlı MƏLUMAT

Baxış sayı: 750 dəfə baxılıb.

Rəsmi Bakıdan ermənilərin növbəti təxribatı ilə bağlı MƏLUMAT

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi
kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci
il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu
torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı
kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və
sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə
davam edib.

Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan
ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən
sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq
Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və
Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını
və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş
etdirilib.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət
və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və
dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə
silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd
edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan
Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf
Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı
işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə
bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda
sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş
etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış
rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə,
Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni
silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını,
Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan
tərəfinin üzərinə düşür.

Source link