5fa2f3e9-5821-4878-9975-3e0664fa6f65..jpg

Rada Nəsibova: “Mənim işim oynamaqdır” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 847 dəfə baxılıb.

Rada Nəsibova: “Mənim işim oynamaqdır” – MÜSAHİBƏ + FOTO

Bu gün həm teatr, həm də kino sahəsində eyni səviyyədə uğur qazanmaq hər
aktrisanın işi deyil.

Hər iki sahədə də sevilən, seçilən, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının aktrisası Rada Nəsibova“Kaspi”

qəzetinə müsahibə verib.

Rada xanım bildirib ki, uşaqlıqda aktrisa olmaq barədə heç düşünməyib. O,
həkim olmaq istəyirmiş:

“Anam çox mütaliə edirdi, o oxuduğu kitabı bitirən kimi mən oxuyurdum. Beləcə
məndə mütaliəyə həvəs yarandı. Əsərlərdəki obrazları sevməyə, onların
yaşadığını yaşayaraq oxumağa başladım. 90-cı illərdə ekranlara Braziliya
serialları çıxdı. Aktrisalara rəğbəti görəndə məndə də aktrisa olmağa həvəs
yarandı. 11-ci sinifdə “Hansı sənətin sahibi olmaq istəyirsən?” mövzusunda
inşamda “aktrisa olmaq istəyirəm” yazdım. O dövrdə kinoya çox baxdığıma görə
kino aktrisası olmaq istəyirdim. Amma tələbəlik illərimdə tamaşalara çox getdim
və teatr məni daha çox cəlb etdi. Özümü daha çox kinoda sevirəm və görürəm.
Amma teatr məktəbdir – hər gün səhnədə canlı məşq gedir, öyrənirsən. Serialda
hər şey çox sürətli olur. Amma teatrda tamaşadan tamaşaya daha çox inkişaf
edir, səhvlərini düzəldirsən”.

“İstəmədən oynadığım obrazlar olub” deyir aktrisa:

“Rejissor əgər səni həmin obrazda görürsə, deməli, düz bilir. Aktyor
rejissordan asılıdır. Mən rejissor məsləhət bilən rolu əvvəldə istəməsəm də,
özümə sevdirib oynamışam. Obrazını sevməsən, tamaşaçını inandıra bilməzsən.
Bəzən olur ki, oynadığım səhnəni başqa cür görürəm. Amma bu barədə rejissora
heç nə demirəm. Mən aktrisayam, işim oynamaqdır. Quruluş vermək isə rejissorun
işidir. O, özünə görə haqlıdır və o səhnəni elə görür. Mən rejissora da,
ssenaristə də hörmətlə yanaşıram. O bilir nə yazır, o da bilir nə çəkir. Mən
buna qarışa bilmərəm”.

Rada xanım deyir ki, bu gün teatr və kinoya diqqət çatmır:

“İnkişaf üçün stimul çox vacibdir. Stimul olmayanda cücərən, yaşıllaşan həvəs
solur. Bəzən bizim filmlərlə xarici filmləri müqayisə edirlər. Yaradıcı
heyətimiz mükəmməldir, çox istedadlı xalqıq. Bizə ancaq yaxşı maliyyə lazımdır.
Kifayət qədər pul ayrılmadığına görə hər şeydən qırtılır. Az bir maliyyə ilə
ortalığa nəsə çıxarmağa çalışırıq. Düzdür, Felliniyə sual verəndə ki, yaxşı
film üçün nə lazımdır, deyir ssenari! Ssenari olmasa yaxşı film çəkmək olmaz.
Amma maddiyyat da çox önəmlidir. Yaradıcı heyətə yaxşı pul verilməlidir, geyim,
qrim, məkanlar, həmçinin də texnikaya pul lazımdır. Hər şeyi dövlətin üstünə
yıxmaq olmaz. Dünyanın hər yerində şirkətlər sponsorluq edir kinoya, teatra və
bundan zövq alırlar. Bizdə bu yoxdur. Atatürk deyir ki, hər bir dövlətin
pəncərəsi onun mədəniyyətidir. Bizsə sanki mədəniyyətimizi, incəsənətimizi
qoruyub saxlamaq istəmirik”.

“Aktrisa üçün ən böyük hədiyyə alqışdır” deyir aktrisa:

“İfanın tamaşaçıya toxunmasını alqışla hiss edirsən və bu, elə bir hisdir ki,
elə bil dərin nəfəs alırsan və ürəyində kəpənəklər uçuşur. İlk dəfə 16 yaşımda
“Oqtay Eloğlu” tamaşasında Sevəri oynamışam. Sevərin qardaşı ilə qucaqlaşdığı
səhnədə ilk alqışlarımı eşitmişəm. Onda qərarımı düz verdiyimi anladım, bildim
ki, mən aktrisa olacağam”.

Rada xanım deyir ki, dəyər insanın özündən başlayır:

“Hər səhər oyanıram, güzgüyə baxıb deyirəm: “Yaxşı ki, varsan. Sən
mükəmməlsən, sən hər şeyin öhdəsindən gələnsən!” Düşünürəm ki, insan özü-özünə
dəyər verirsə, onda hamı ona dəyər verir. Mən özüm özümə yetərəm. Hətta qadın
kimi də xoşbəxtliyimi kimdəsə axtarmıram. Oxuduğum kitab, baxdığım tamaşa,
film, içdiyim çaydan da zövq ala bilirəm. Bu yaxınlarda “Kod adı “VXA”
tamaşasını izlədim. Qadınlar nələrə dözüb, dəhşətli tale yaşayıblar. Amma indi
azad, müstəqil ölkədə yaşayırıq. İnsanların hər şeyi var, istəklərimiz,
arzularımız azaddır. Amma insanlara baxırsan, məmnunluq faizi çox azdır. Elə
hər şeydən narazıdırlar. Xoşbəxt olmağı bacarmırlar. Bəs siz də o taleyi
yaşasaydınız, necə olardı? Sanki hər şeydən doymuşuq, hər şeydən narazıyıq. Hər
anımız üçün şükür etməliyik. Hər səhər dərindən nəfəs alıram, deyirəm, ilahi
şükür. Özüm gedirəm, yaratdığın gözəllikləri görürəm. Mənim brend telefonum,
geyimim, maşınım olmasa dünyanın sonudurmu? Bəyəm restoranda oturub istədiyin
yeməyi sifariş etməkdirmi xoşbəxtlik?”

Mütaliəni çox sevən aktrisanın ən çox sevdiyi yazıçılar F.M.Dostoyevski,
V.Hüqo, E.A.Po, C.London, T.Hardidir:

“Xalid Hüseyninin “Çərpələnguçuran” əsərini oxudum. Mənə çox pis təsir etdi. O
vaxt türk filmləri festivalı keçirilib, çoxu gedib baxmağa. Ədil İskəndərov
tələbələrdən hansı filmi daha çox bəyəndiklərini soruşub. Əksəriyyəti
“Avtobusda” filminin adını çəkib. O da cavab verib ki, o kino deyil, həyatdır.
Kino yalan olmalı, insanlara yaşamağı sevdirməlidir. Mən düşünürəm ki, bədii
əsər də elə olmalıdır”.

“Əlimdə bir sehrli çubuq olsa, insanların düşüncəsini dəyişərdim” deyir Rada
xanım:

“Məktəbi qurtaran kimi qızları, əsgərlikdən gələn kimi oğlanları evləndirir,
xoşbəxtliyi bunda görür çoxu. Uşağı dünyaya gətirməyə nə var ki? Bəyəm valideyn
olmaq təkcə onu yedizdirib, geyindirməkdən ibarətdir? Uşağı düzgün böyütmək,
tərbiyə etmək lazımdır axı. Mənə elə gəlir ki, təhsilli yox, dürüst insanlar
yetişdirmək lazımdır”.

Aktrisanın arzusu da var: “Bir şansım olsaydı, uşaq evi açardım. Kimsəsiz
qalan uşaqları toplayıb, onlara baxardım, geyindirərdim, həm müəllimləri
olardım, həm də qayğı göstərərdim. Onlar böyüyəndə mənə təşəkkür
edib-etməyəcəkləri maraqlı deyil. Bu arzumu həyata keçirə bilsəydim, onlara
dayaq ola bilsəydim, dünyanın ən xoşbəxt insanı olardım, rahat gedərdim bu
dünyadan”.

Source link