Karate üzrə milli komandamız 29 noyabr-1 dekabr tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək ilin son Premyer Liqa turnirində iştirak edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu yarışda 13 idmançımız və kata komandası mübarizə aparacaq.
Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və qadınlar milli komandasının çalışdırıcısı Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi -84 kq), Asiman Qurbanlı və Şahin Atamov (hər ikisi +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.
Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışlarına qatılacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edəcək referilər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.
Karate1 Premyer Liqa turnirinin Madrid mərhələsində 89 ölkədən 737 karateçi yarışacaq. Nüfuzlu yarışda hər qələbəyə və medalların əyarına əsasən, idmançılar dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanır.
Madrid mərhələsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatlarına layiq görüləcək. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Fransanın paytaxtı Parisdə keçiriləcək növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.
Builki mövsümünün nəticələrinə əsasən “Grand Winners” mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayevlə (-75 kq) İrina Zaretskaya (-68 kq) da var.