Rafael Ağayev üzərində bu qələbə mənim üçün digər ölkələrdə keçirilmiş yarışlarda qalib gəldiklərimdən daha vacib idi.
Bunu Dünya Karate Federasiyasının (WKF) saytına açıqlamasında yaponiyalı karateçi Ken Nishimura deyib.
Bu ay Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Premyer Liqa yarışının finalında beşqat dünya çempionumuz Rafael Ağayevə qalib gəlməklə çempion olan Nishimura bu ölkənin parlayan ulduzu sayılır.
Dünya reytinqinin lideri, Olimpiya sıralamasında isə ikinci olan 23 yaşlı idmançı 75 kq çəki dərəcəsində Tokio Olimpiadasında Yaponiyanı təmsil etməyə əsas namizəd hesab olunur. Lakin onda dünya çempionluğu çatışmır:
“Əlbəttə ki, mən ötən ilkinə baxanda indi Yaponiyada daha çox tanınıram. Amma Ryo Kiyuna, Kiyou Shimizu, Ryutaro Araqa kimi digər komanda yoldaşlarım yaponiyalı fanatlar arasında daha çox populyardır. Onların hamısı dünya çempionu olub, mən isə hələ ki yox.
Olimpiya Oyunlarında çıxış etmək bir şərəf olardı. Mən bunun olması üçün çalışıram. Bunun üçün əlimdən gələni edəcəyəm. Gələn il Nippon Budokanda (karate və cüdo yarışlarının keçirildiyi məşhur arena) mümkün olduğu qədər uğur qazanmağa çalışacağam”.
Səbuhi Musayev