Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA nümayəndə heyətinin üzvü Rafael Hüseynov adıçəkilən qurumun Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak edir.
ÇıxışYolu.Com-nun xəbərinə görə, iclasda “Yeni media mühitində peşəkar təhsil”, “Demokratik cəmiyyətdə mədəni irsin dəyəri” kimi hesabatların müzakirəsindən sonra “Avropa qeyri-maddi mədəni irsinin qorunması və inkişafı” mövzusu üzərində geniş fikir mübadiləsi aparılıb.
R.Hüseynov çıxışında bildirib ki, mahiyyəti etibarilə qeyri-maddi mədəni irs bilavasitə xalqın ruhu ilə bağlı dəyərlər silsiləsidir, qeyri-maddi irs nümunələri bir xalqın, millətin simasını, özlüyünü müəyyənləşdirən incilərdir.
Eyni zamanda, ortaq qeyri-maddi mədəni irs nümunələri də var. Belə nümunələr məhz xalqlar arasındakı yaxınlığın, bənzərliyin, tarixi ortaqlığın göstəricisidir.
“Mənim ölkəmin – Azərbaycanın bu gün UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi mədəni irs nümunəsi var. Daha 2-si qeydəalınma prosesindədir və ehtiyat siyahıda da daha 3 nümunə var. Bütövlükdə isə, əlbəttə ki, Azərbaycanın bu qəbildən olan, yəqin ki, gələcəkdə rəsmi qeydiyyata düşəcək onlarla digər qeyri-maddi irs nümunələri mövcuddur.
Azərbaycan UNESCO-ya 1992-ci ildən, müstəqillik illərinin lap əvvəlindən üzv olsa da, birbaşa sıx əlaqələri yalnız 1996-cı ildən başlanır. Məhz həmin il Azərbaycanla UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Tarixi baxımdan çox da böyük olmayan müddətdə yalnız bir istiqamət üzrə bu qədər mədəni irs nümunəsinin rəsmi qeydiyyata düşməsi, təbii ki, sıx işbirliyinin nəticəsidir”, – deyə R.Hüseynov vurğulayıb.
R.Hüseynov diqqəti Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı məsələsinə yönəldərək söyləyib:
“Təəssüf olsun ki, indi dünyanın ən müxtəlif guşələrində, o sıradan Avropada sonu görünməyən hərbi münaqişələr, qarşıdurmalar davam edir. Qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. Mən bunu öz xalqımın taleyindən bütün acısı ilə dərindən bilirəm.
300 mindən çox azərbaycanlı artıq 30 ilə yaxındır ki, Ermənistan ərazisində tarixən yaşadığı torpaqlardan deportasiya edilib. 700 minə yaxın insan yenə ermənilər və onlara dəstək olan xarici qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş 20 faiz torpağındakı daimi yurdlarını itirib, məcburi köçkünlərə çevrilib.
Bu gün yüz minlərlə belə tale yaşayan insan ortaq evimiz olan Avropanın başqa ölkələrində də var. İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər boyu ayrı düşəndə, axı həm də onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən eroziyaya uğrayır, dağılır, məhv olur.
Ona görə də düşünürəm ki, UNESCO münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalan qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişafı istiqamətində də ciddi iş aparmalıdır. İndi dünyada çoxlu ölü dillər var.
Hansısa xalqlar, tayfalar yaşayıb, yox olub gedib, dillər də ömrünü başa vurub. Lakin münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar ömrünü hər halda davam etdirir.
Onlar mədəni irsin yaşadığı mühitləri itirirlər. Hərəsi müxtəlif yerlərdə sığınacaq tapmalı olduğundan bir-birləri ilə daimi təmasları qırılır. Bu minvalla tədricən ortaq mühitdə, onların daimi sıx ünsiyyətində yaşaya bilən qeyri-maddi mədəni irs nümunələri də tədricən yoxluğa qovuşur.
Elə həmin ömrünü başa vuran dillər kimi ölür. Gözəlliklər ölür. Bu, acınacaqlıdır. Yaşamaq haqqı olan belə inciləri qorumaq isə hər birimizin vəzifəsi, insanlıq borcudur”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com