Rahatlıq gəzirlər, amma arxasında faciə var - XƏBƏRDARLIQ

Rahatlıq gəzirlər, amma arxasında faciə var – XƏBƏRDARLIQ

Baxış sayı: 2. 085 dəfə baxılıb.

Lənkəranda doğuşdan sonra ananın ölümü ilə bağlı araşdırmalara başlanıb. Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Şərq”ə açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, qeysəriyyə doğuşlarına görə konkret göstəriş olmalıdır. Əgər bu olarsa, o zaman onun həyata keçirilməsi məqsədəuyğundur:

“Göstəriş yoxdursa, yaxşı olar ki, təbii şəkildə doğuş həyata keçirilsin. Son zamanlar qeysəriyyə əməliyyatından sonra qadın ölümlərinin sayının artdığı barədə məlumatlar səsləndirilir. Ancaq hesab edirəm ki, ölüm hallarının qeysəriyyə səbəbindən artması heç də doğru fikir deyil. Bu, Azərbaycanda hamiləliklərin normal fizioloji olmamasına daha çox bağlıdır. Çünki bu gün normal fizioloji hamiləlik tapmaq çətindir”.

A.Qeybulla əlavə edib ki, təəssüflər olsun ki, son zamanlar ölkəmizdə qeysəriyyədən əməliyyat olunanların sayı çoxalıb:

“Müxtəlif səbəblərdən, nədənsə, qadınlar buna meyillənirlər. Sadəcə olaraq hansısa ölüm halları baş verdikdə bunu dərhal əməliyyatla bağlayırlar. Amma çox nadir hallarda əməliyyata görə ölüm halları baş verə bilər. Əsasən bu, hamiləliklərə bağlıdır. Məsələn, ya qadının hansısa yanaşı bir xəstəliyi ola bilər və yaxud da həkimə çox gec müraciət edirlər və s. Ona görə də hamiləliyi fizioloji normal keçən adamların sayı demək olar ki, bu günləri tək-tükdür. Ona görə də bu kimi xoşagəlməz hallar yaşanır”.