Rail Məlikov: “Məşqçilik kurslarına yazılandan karyeramı bitirmək qərarı
vermişdim”
“Sabah “Neftçi” ilə oyundan öncə futbolla rəsmən vidalaşacağam. Yəqin ki, klub
tərəfindən bizə bununla bağlı nəsə bir xatirə təqdim olunacaq”.
Bunu Cixisyolu.com-a Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.
36 yaşlı Rail komanda yoldaşı Ruslan Əmircanovla birgə sabah Azərbaycan
Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Neftçi”
oyunundan öncə karyerasını rəsmən başa vuracaq.
O bildirib ki, cari mövsümün əvvəlindən faktiki olaraq məşqçi kimi fəaliyyət
göstəriblər:
“B məşqçilik kurslarına yazılandan karyeramı bitirmək qərarı vermişdim. Adım
sifariş ərizəsinə oyunçu kimi təqdim edilsə də, faktiki olaraq mən və Ruslan
baş məşqçinin köməkçisi funksiyasını icra edirdik. Elə təcrübəmizi burada
keçirdik”.
Rail Məlikov bu qərarın mövsümün sonunda yox, niyə indi verildiyini də
açıqlayıb: “Mövsümün sonunu özüm gözləmək istəmədim. Gözləyirdim ki, bu qərar
nə qədər tez elan edilsə, bir o qədər tez məşqçiliyə başlayaram. Mən və Ruslan
artıq B kateqoriyalı məşqçi sayılırıq. Hələ açıqlanmasa da, hər ikimiz kursdan
uğurla keçmişik.
Ancaq rəsmən məşqçi kimi fəaliyyətə başlamağım üçün müqaviləm dəyişilməlidir.
Çünki orada futbolçu kimi göstərilmişəm. Yaxud da cari mövsümün başa çatmasını
gözləməliyik”.
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL,
“Sumqayıt” komandalarında, eləcə də iki dəfə olmaqla Türkiyənin “Dənizlispor”
klubunda çıxış edib. O, 2004-2011-ci illərdə Azərbaycan millisində 40 matça
çıxıb.
Səbuhi Musa