f2bdf293-4c4d-400f-a04a-d90f0a356990..jpg

Ramdan Auraq: “Makron küsmüş şıltaq uşaq kimi davranır” – MÜSAHİBƏ

Baxış sayı: 481 dəfə baxılıb.

Ramdan Auraq: “Makron küsmüş şıltaq uşaq kimi davranır” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paris bu həftə ölkəmizdəki səfiri Ann Buayonu geri çağırmaqla
Azərbaycanla yeni gərginliyə başlamaq qərarına
gəlib. Fransa tərəfi bu qərarının səbəbini “iki ölkə arasında münasibətlərə
xələl gətirən birtərəfli hərəkətlər” kimi göstərib.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə
xatırladıb ki , son illərdə, xüsusən də 44
günlük müharibədən sonra Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı,
Frankofoniya təşkilatında və digər beynəlxalq platformalarda dəfələrlə ölkəmiz
əleyhinə təşəbbüslərlə çıxış edib. Fransa parlamentində Azərbaycan əleyhinə
qərarlar qəbul edilib, Parisdəki səfirliyimizə hücum olub, azərbaycanlı şairə
Xurşidbanu Natəvanın büstünün qarşısında vandalizm aktları qeydə alınıb və s.

Əlcəzairli analitik, beynəlxalq məsələlər və münaqişələr üzrə ekspert Ramdan
Auraq Cixisyolu.com-a Fransa səfirinin geri çağırılması ilə bağlı vəziyyəti şərh edib:

– Müdrik siyasətçi bütün körpüləri yandırmağa tələsməz. Azərbaycanın
balanslaşdırılmış, aydın siyasəti var ki, bu da ölkənin suverenliyinin
bərpasına, Türkiyə və bir sıra digər dövlətlərlə müttəfiqlik əlaqələrinin
möhkəmləndirilməsinə gətirib. Bütün bunlar Azərbaycan Respublikasını iqtisadi
və enerji güclərinin akkumulyasiya mərkəzinə çevirir. Bakının postsovet
məkanında mövqelərini möhkəmləndirmək üçün çoxlu manevr imkanları var.
Azərbaycan tarixən beynəlxalq dialoq mədəniyyətinə malikdir, Bakı 19-cu əsrin
sonlarında neft bumu başlayandan sonra beynəlxalq şəhərə çevrilib və bu gün də
belə qalır.

Fransa Prezidenti Emmanuel Makronun hərəkətləri isə onu tələbləri rədd edilən
kaprizli uşağa bənzədir. Makronun siyasəti Fransanın Şarl de Qoll və Beşinci
Fransa Respublikasının digər qurucularının qazandıqları mövqeləri itirməsinə
gətirib çıxarıb; Makronun prezidentliyi dövründə onların mirasından ən yaxşı
halda 40%-i qalıb.

Fransa dünya ictimaiyyətinin, o cümlədən islam ictimaiyyətinin, postmüstəmləkə
Afrika ölkələrinin – Əlcəzair və digərlərinin nəzərində avtoritet kimi
görünmür. Fransa təhlükəsizliyi təmin edə bilən dövlət deyil. Bu, hazırda
fransızların qovulduğu Afrikadan aydın görünür. Fransanı Afrikadan təkcə Rusiya
sıxışdırmır, hətta ABŞ və İngiltərə də Parislə hesablaşmır. AUKUS-u
(Avstraliya, Böyük Britaniya və ABŞ-nin yaratdığı üçtərəfli müdafiə ittifaqı)
xatırlayın – Fransa ittifaqa buraxılmadı, Avstraliya isə Fransa nüvə sualtı
qayıqlarını almaqdan imtina etdi (bununla da Parisin dərin qəzəbinə səbəb oldu).

Emmanuel Makron Fransanın rəqibləri və “müttəfiqləri” sayəsində itirdiklərini
artıq geri qaytarmaq istəyir. Ona görə də o, Cənubi Qafqazın işlərinə
qarışmaqla sizin regionda Fransanın yeni imicini formalaşdırmağa çalışdı.
Makron məzhəb məsələləri ilə oynamaq qərarına gəldi və bunun üçün Ermənistana
yardım göstərməyi ən əlverişli variant hesab etdi. Xristianlıq islama qarşı –
Fransanın Azərbaycana qarşı işləyən bütün informasiya maşını məhz buna diqqət
yetirir.

Əslində, Makron Fransanın maraqlarına zidd getdi. Dəvət olunmadığı, heç də
hamının onu görməyə sevinmədiyi yerə soxuldu və yeni münaqişə yaratmağa
başladı. Hazırda Makron Fransa səfirini Azərbaycandan geri çağırmaqla
diplomatik gərginliyə doğru getdiyini göstərdi.

Daha dərindən baxılarsa, bütün bunların Fransanın fövqəldövlət statusunu bərpa
etmək yönündə uğursuz cəhdlərinin təzahürü olduğu görünər. Yeri gəlmişkən, bunu
Makronun Ukraynaya qoşun yeritmək təklifindən də görmək olar. Bu populist,
qeyri-peşəkar jest Fransanın Avropa İttifaqında lider olduğunu göstərmək
məqsədi daşıyırdı. Ancaq burada daha çox almanlar, fransızlar, polyaklar və s.
arasında “növdaxili mübarizə” haqqında danışmaq olar. Bütün bunlar isə Makronun
dövründə Fransanın rəzil siyasətini göstərir. Ərəb dünyasında belə bir deyim
var: “Fərqlənmək istəyirsənsə, şalvarını çıxar”. Bu yumoristik ifadə Fransa
prezidentinin davranışını təsvir edir.

– Azərbaycan neokolonializmlə, o cümlədən Fransa müstəmləkəçiliyi ilə mübarizə
kampaniyasının fəal iştirakçısıdır. Üstəlik, bu fəaliyyətlə məşğul olan və
koordinasiya edən Bakı Təşəbbüs Qrupu var. Paris bunu o qədər də xoşlamır,
çünki müzakirə və qınaq obyektinə çevrilən Fransadır. Fransanın Azərbaycandakı
səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı bu mövzu ilə bağlı ola
bilərmi?

– Azərbaycanın yanaşması (neokolonializm mövzusuna – red.) Fransa üçün çox
ağrılıdır. Bakı beynəlxalq ictimaiyyətə Fransanın “şkafındakı skeletləri”
nümayiş etdirir. Burada təkcə informasiya və ya əxlaqi-etik komponent deyil,
həm də hüquqi komponent var. Bununla da Azərbaycan Fransanın müstəmləkəsi olmuş
ölkələrin xalqlarının Fransa dövlətinin kolonializm zamanı törətdiyi
cinayətlərə görə Parisdən təzminat tələb etməsinə köməklik göstərir.

Belə cinayətlər fransızların soyqırımı həyata keçirdiyi Əlcəzairdə (1,5
milyondan çox əlcəzairli həlak olub – red.) törədilib. Bu faciə ilə bağlı bütün
sənədlər toplanıb. Azərbaycan Fransa dövlətinin Əlcəzairdə və bir sıra başqa
ölkələrdə törətdiyi cinayətlər mövzusunu çox güclü və obyektiv şəkildə ifşa
edib.

Azərbaycanın ifşa etdiyi bu faktlar güclü hüquqi dəstək alarsa, bu, Fransaya
sözün həqiqi mənasında çox baha başa gələcək. Paris Almaniyanın yəhudilərə
münasibətdə əvvəllər və indi etdiyi kimi təzminat ödəməli olacaq. Azərbaycan
Respublikası Fransadan artıq qeyd olunan təzminatlar məsələsini irəli sürəcək
siyasi, humanitar, hüquqi platformaya çevrilib. Əlbəttə ki, bu, Parisin xoşuna
gəlmir, ona görə də Makron körpüləri yandırır və özünü küsmüş şıltaq uşaq kimi
aparır.

Nair Əliyev

Source link