Daxili İşlər Nazirliyində (DİN) “Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr”ə və “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti”nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin Mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.
Nazir Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb.
O, bu il aprelin 11-də – səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.
Gündəlikdəki birinci məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə Nazirliyin aidiyyatı baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.
Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və bu prosesdə iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmini, hüquqlarının qorunması, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına ciddi riayət etmələri kimi məsələlər də diqqət mərkəzində saxlanılır. Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11.000 ədəd “Yaddaş kitabçası” şəxsi heyətə paylanıb.
Həmçinin bu il fevralın 15-də “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda Mərkəzi Seçki Komissiyasında keçirilmiş müşavirədə kurator nazir müavini tərəfindən seçki prosesində polis orqanlarının hüquq və vəzifələri, həyata keçirilən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.