Ramin Məmmədov: “Son Brüssel görüşü Minsk qrupu formatının effektiv olmadığını
təsdiq etdi”
“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşünün
nəticələri danışıqların uğurlu keçdiyini söyləməyə əsas verir. Düşünürəm ki,
burada Azərbaycan üçün ən önəmli nəticələrdən biri – rəsmi Bakının danışıqların
baza prinsipləri kimi irəli sürdüyü beş maddədən ibarət təklifin qəbul
edilməsidir”.
Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Millət vəkili hesab edir ki, danışıqların bu prinsiplər əsasında davam
etdirilməsi Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha təsdiq edir:
“Bu, bir tərəfdən Azərbaycanın qalib dövlət olması, iqtisadi, hərbi
imkanlarına görə qarşı tərəfdən dəfələrlə üstün olması ilə bağlıdırsa, digər
tərəfdən, bizim mövqeyimizin beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir.
Çünki təqdim olunmuş beş baza prinsipinin hər biri tamamilə beynəlxalq hüququn
hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə əsaslanır.
Digər bir vacib bir məqam isə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq
mövqeyi də əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin müəyyən
etdiyi xarici siyasət strategiyası bizim ölkəmizi dünyada etibarlı tərəfdaş,
açıq siyasət yürüdən, qlobal əhəmiyyətli hadisələrə məsuliyyətlə yanaşan, bir
çox hallarda dünyanın qarşılaşdığı problemlərin həllinə real töhfələr verən
dövlət kimi tanıdıb”.
Ramin Məmmədov qeyd edib ki, Brüssel görüşünün digər bir önəmli nəticəsi
bundan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları
nəzərdə tutan yeni mexanizm formalaşır. Eyni zamanda Avropa İttifaqına hər iki
tərəfin etimadının olması danışıqların uğurunu şərtləndirən əsas amillərdən
biridir:
“Danışıqlarda yeni formatın meydana çıxması həm də o mənaya gəlir ki, artıq
daha əvvəlki formatların işlək olmadığını tərəflər qəbul edirlər. Bu, ATƏT-in
Minsk qrupunun 30 illik səmərəsiz fəaliyyətinin etirafı kimi də başa düşülə
bilər”.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Minsk qrupunun öz gündəliyini yeni
reallıqlara uyğunlaşdırmalı olduğunu, zamanın çağırışlarına uyğun təşəbbüslərlə
çıxış etməsinin vacibliyini bəyan edib. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupu
həmişə olduğu kimi ləng davranır:
“Hesab edirəm ki, Brüsseldə keçirilən son görüş həm də ona görə əhəmiyyətlidir
ki, artıq beynəlxalq ictimaiyyət də Minsk qrupu formatının effektiv olmadığını
təsdiq edir. Halbuki Azərbaycan bunu uzun illərdir ki, ən yüksək tribunalardan
səsləndirirdi. Azərbaycan bu məsələdə də öz istəyinə nail olur”.
“Son Brüssel görüşündən sonra xarici işlər nazirlərinə təlimat verilməsi və
sərhəd məsələsi üzrə birgə komissiyanın yaradılması barədə əldə olunmuş razılıq
görüşün kifayət qədər məhsuldar keçirildiyinə dəlalət edir”, – deyə deputat
əlavə edib.