Ramin Musayev: UEFA-dan gələn məktubları özümə təhqir bilirəm

Baxış sayı: 2. 186 dəfə baxılıb.

Ramin Musayev: UEFA-dan gələn məktubları özümə təhqir bilirəm

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının püşkatmasından sonra hər zamankı kimi maraqlı açıqlamaları ilə diqqətə düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, o, vaxtı ilə Premyer Liqada oynamış Ruslan Tağızadənin adının I divizionda danışılmış matçlarda hallandığını bildirib:

“Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. I divizion təmsilçilərindən altısı yarışa qatılmalıdır. İnşallah, gələn həftə püşkatma mərasimi olacaq. Əgər hansısa komanda yarışda olmasa, deməli, az-çox adı danışılmış oyunlarda hallanıb. Məsələn, “Binə” və İmişli klubunun (“Mil-Muğan”) rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirəm. 30-35 yaşlı futbolçular I divizionda nə futbola, nə də özlərinə xeyir verirlər.

20-22 yaşlı oyunçu artıq özünə həyat qurmalıdır. Bilməlidir ki, ya futbolçudur, ya da özünə başqa sənət tapsın. Transfer vaxtı futbolçuların tanışları o qədər zəng vururlar ki. İzah edə bilmirsən ki, bu, futbol oynaya bilmir. Oğluma da dedim ki, get, işinlə məşğul ol. Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə, Premyer Liqadan da güclüdür. Halbuki onun da adı danışılmış oyunlarda hallanır. Amma fikirləşmir ki, səndən futbolçu olmaz. Əvvəlki vaxt gedib, indi pul yoxdur”.

Musayev danışılmış oyunlara görə hələ də futbolçular və klub rəsmilərinin prokurorluğa çağırıldığını qeyd edib:

“Düşünürdük ki, iyirmi yaşlı oyunçu bu işə getməz. Ən azı gündə 2-3 nəfər prokurorluğa çağırılır. Yəqin ki, səsi çıxacaq. Bu, dövlətin adına ləkədir. UEFA-dan gələn məktubları özümə təhqir bilirəm. Bu yol kişi yolu deyil. Gedib daş daşısınlar, kişi kimi pul qazansınlar”.

Həmçinin Ramin Musayev bildirib ki, növbəti mövsüm I divizionda ilk üç yeri tutan komandalara təkcə medal yox, həm də pul da verilə bilər:

“Topaz”ın bizimlə müqaviləsi 600 min manat dəyərindədir. Düzdür, başqa ölkələrdə qaliblərə pul verilməsi var. Vaxtilə bunu etmişik. İndi maliyyə imkanları buna imkan vermir. Sonuncu iclasda Rövnəq Abdullayev bildirdi ki, I divizionda I, II və III yerin sahiblərinə mükafat ayrılsın. Nə qədər maddi yardım olacağı bilinmir hələ”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com