Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev
barəsində inzibati iş başlanıb.
“Qaynarinfo” xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin
529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon
Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib.
529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud
İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat
vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə
edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə
inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni
qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan
icra edilməməsi ilə bağlıdır.
Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun
altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs
bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir.
Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl
törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri,
2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.