Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu
faktları ilə bağlı cinayət işi başlanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.
Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material əsasında
Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə
bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində cinayət işi başlanıb.
Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit
yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət
vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının
törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin
179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.
Xatırladaq ki, 2019-2022-ci illərdə quruma Ramiz Mehdiyev rəhbərlik edib.