Raşid Beqlaryan Xocalı soyqırımı qurbanlarını basdırdığı yerdə: Terrorçunun
etirafları – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş
qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş
terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı
kompleks araşdırmalar aparılır.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı
uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar
hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və
insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini
törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində
digər formada iştirak etməkdə şübhəli bilinən Raşid Aramayisi Beqlaryan
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci
maddələri ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz
qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs
qismində tanınıblar.
Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral
ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək
bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və
onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı
birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə
etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış
azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə
Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib, 26
fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr
azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili
boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı
insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə
pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər. Cinayətkar
dəstə üzvləri tərəfindən həlak olanların üzərlərindəki şəxsi əşyalar talan
edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki
əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək
bu barədə ətraflı məlumat verib.
Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, Rəşid Beqlaryan 2023-cü ilin avqust
ayında saxlanılıb.