Azərbaycanın Xalq artisti, “Şöhrət” ordeni laureatı Rasim Balayev uzun müddət sonra müsahibə verib.
Tanınmış müğənni Nura Surinin ÇıxışYolu.Com üçün gerçəkləşdirdiyi özəl müsahibəni təqdim edirik:
– Bilirəm ki, hər zaman sevilmisiniz. Gənclik dövrlərinizdə, bəlkə, qadınların diqqətindən yorulmusunuz. Ağlınız, danışığınız, görüntünüz, sənətiniz hər yaşda olan insanları özünə cəlb etməyi bacarıb. Ona görə istəyirəm, sizin fikirlərinizlə müsahibəyə başlayaq…
– Haqqımda olan yüksək fikirlərinə görə təşəkkür edirəm. Bilirsiniz ki, efirlərə çıxmağa meyilli deyiləm. Bəzi adamlar gündəmdə qalmaq üçün efirlərə tez-tez çıxırlar. Bir də görürsən ki, kənd təsərrüffatı haqda söhbət gedən verilişə sənət adamları gedir. Tibbdən, mətbəxdən danışırlar…
– Siz bugünkü televiziyadan danışırsınız, bəs dünənki televiziyalar necə?
– Dünənki efirlərdə haradasa bəsitlik, müəyyən çatızmazlıqlar var idi. Ancaq dünənki efirə hər yoldan keçəni buraxmırdılar. Efirə gələnlər nümunəvi insanlar olmalıdır ki, tamaşaçı da özünə nəsə götürə bilsin.Bu gün rüşvət alan rüşvətxorluqdan, əxlaqsız adam əxlaqdan danışır. Adam təəccüb edir ki, nədir bu? Biz ancaq sənətlə bağlı efirlərə çıxırdıq.
– Heydər Əliyev 1969-cu ildə I katib seçildi və gəlişi ilə böyük dəyişikliklər gətirdi: Kondisioner zavodu, Gülüstan zalı tikildi, yeni yaşayaş massivləri yarandı. Həmin illərdə Azərbaycanda çəkilən filmlərin çoxunda siz rol almısınız. Bunlar o dövr üçün çox çətin idi. Çünki senzura var idi. Həm də çox gənc idiniz…
– Mən universiteti bitirən kimi filmlərə çəkilməmişəm. Nədənsə foto yoxlanışdan keçmirdim. Deyirdilər, fotogenik deyilsən. Bilmirəm, fotoqrafların səhvi idi, ya necə…
Fotokastinqdən keçən adamları test edirdilər. 20 nəfər bədii şuranın üzvü iştirakçılara bal verirdi. Həmin rejissor isə istədiyi adamı çəkə bilmirdi.
O dönəmlər uğursuzluqlara görə ruh düşkünlüyü keçirdim, xəstəxanaya düşdüm. İstəyirdim, tələbəliyimi bitirən kimi “AzDrama”da çalışım. Lakin Tədris Teatrında qalmalı oldum. Kütləvi səhnələrə dəvət edirdilər, getmirdim, ancaq televiziyada tez-tez çıxış edirdim. Məni də televiziyada Həsən Seyidbəyli görüb “Nəsimi” filminə dəvət elədi.
– İlk dəfə “Nəsimi” filminə çəkilmisiniz?
– “Dəli Kür” filmində yoxlayıblar, kastinqdən keçməmişəm, “Yeddi oğul istərəm”də “Cəlal” obrazından da həmçinin…
Mən şeir deyəndə ssenari müəllifi İsa Hüseynov və Seyidbəyli deyib ki, bu oğlan Nəsimi obrazına yarayır, ancaq bilmirik ki, aktyorluğu necədir…
– Bildiyim qədərilə, “Babək” obrazı üçün əcnəbi bir aktyor nəzərdə tutulubmuş. Lakin sonradan qərar dəyişdirilib.
– Filmi Həsən Seyidbəyli çəkirdi deyə “Babək”i mənim canlandırmağımı istəyirdi. Bədii şura deyib ki, o, Nəsimiyə bənzəyir. Sonra çox aktyor yoxladılar. Axırda da “Babək” mən oldum.
Ancaq onu qeyd edim ki, 1969-cu ildən Heydər Əliyev hakimiyyətə gəldikdən sonra tarixi filmlərin çəkilməsini çox istəyirdi.
Həmin filmlərdən sonra kütləvi “Nəsimi”, “Babək” adları qoyulmağa başlanıldı. Təbii ki, bu da Heydər Əliyevin sənətə olan böyük eşqindən, Azərbaycan adlarını dünyaya tanıtmaq istəyindən irəli gəlib.
– Onunla şəxsi tanışlığınız olub?
– Bəli, bir neçə dəfə görüşmüşük. Kinostudiyaya xeyli ləvazimat aldırmışdı, çoxunu xarici ölkələrdən gətirmişdilər. O aparatlar hələ də qalır. Həmin dövrlərdə kinostudiyada qaynar həyat başladı. Onda studiyada 1200 nəfər işləyirdi.
İndi 5-6 nəfər çalışır. Təxminən 17 yaşımda Ağsudan çıxıb Bakıya oxumağa gəlmişəm. Kinostudiya mənim üçün çox doğmadır, bir evdir. Ömrümün 40 ilini orada keçirmişəm. İndi ora gedəndə pis oluram.
– Həmin dövrlərə qayıtsaydınız, özünüzə nə məsləhət verərdiniz?
– Məsləhət verərdim ki, yenə də aktyor ol. Ancaq bu illərdə dünyaya gəlsəm, aktyor olmazdım.
– İndi seriallar dəbdədir, əvvəllər isə televiziya tamaşaları yayımlanırdı. “Sən həmişə mənimləsən” tamaşasında nümunəvi kişi obrazını yaratmısınız. Filmin sonuna yaxın Azərbaycan xanımının nə qədər fədakar olması da göstərilir…
– Amma bu gün televiziyada göstərirlər ki, oğul anasını evdən qovub, gəlin qayınanasını döyüb və s. Adam baxır, dəhşətə gəlir. Bunu hər gün göstərirlər. Düzdür, bütün yerlərdə pis hərəkətlər var. Belə təbliğatla biz gəncliyimizi hara aparırıq?!
– İndi daha çox komediya filmlərinə müraciət edilir…
– Axı bu komediya da deyil, boş “hırıltı”dır. Komediyada gülüşlə düşüncə vəhdət təşkil etməlidir. Burada isə “hır-hır”dır. Mənasız şeylər baş alıb gedir. Əslində, televizya və kino böyük təbliğat vasitəsidir.
– Özünüzü rejissor kimi sınamamısınız?
– Ramiz Fətəliyevlə biz dostuq. Bir gün məni çağırdı, dedi ki, ssenari var, istəyirəm, sən ekranlaşdırasan. Dedim, mənimlə zarafat edirsən? Bir dəqiqə düşünüb qayıtdım ki, etimada görə çox sağ ol. Ancaq mən zəif potensiallı rejissorların sayını artırmaq istəmirəm. Özümdə bu bacarığı görmədim, indi də görmürəm.
– Hansı qəhrəmanımız haqda film çəkilməsini istəyərsiniz?
– Qarabağ müharibəsində qəhrəmanlıq göstərənlərlə bağlı filmlər görmək istəyərdim. “Dolu” filmini Elxan Cəfərov çəkdi, istərdim ki, bu ənənə davam etsin. Gənclərə vətəni sevməyi öyrətmək lazımdır.
Nəinki o verilişlərdə başdanxarab, xəstə, çatışmazlığı olan, tərbiyəsi yerində olmayan insanları tanıtmaq. Məhkəməlik işləri efirə gətirirlər. Efir səviyyəsi olmalı, oradan tərbiyə götürülməlidir.
– Ən bəyəndiyiniz azərbaycanlı yazıçı kimdir?
– Klassikləri demirəm, ancaq Anarın, Əli İldırımoğlunun kitablarını oxumuşam. O qədər gözəldir ki, hazır film üçündür. Tərbiyəvi əhəmiyyətlidir.
Bu yaxınlarda Anarla görüşdüm. Deyir, ssenari yazmışam, ortaya çıxarmırlar. Ancaq ssenari sahəsində də qıtlıq var.
– Özünüzdən sonra yetişdirdiyiniz tələbəniz var?
– Yox.
– Niyə?
– Mənim gözəl müəllimlərim olub. Mehdi Məmmədov, Ələmdar Quluzadə. İnan ki, bu gün belə xarici filmlərə baxıb öyrənirəm. Şərt o deyil ki, mən Vyaçeslav Tixonovu sevirdim. Elə oldu ki, onunla Yaltada tanış oldum. Tixonovla görüşməmişdim, amma onun oyun tərzinə baxırdım. Dediyim odur ki, aktyor həmişə öyrənir.
– Bəyəndiyiniz gənc aktyor var?
– Yəqin ki, var. Gənclərin ortaya çıxması üçün iş lazımdır. Elə obrazlar lazımdır ki, tamaşaçının sevimlisinə çevrilə bilsin. İstedadlı gənclər var, ancaq onları ortaya çıxarmaq lazımdır. Amma bəzən belə olmur.
– Hər istedadlı adamda da ulduzluq olmur axı.
– Ulduz ola bilər, ancaq tapşırıqla görülən işlər var deyə, onlar kölgədə qalır. Məsələn, bir nəfər film çəkir, deyir ki, filankəsi baş rola çək. Belə olmamalıdır. Keçmişdə dövlət pul buraxırdı və insanlar konkursla filmlərə çəkilirdi. Dövlət bu işi öz boynuna götürməlidir.
– Aktyorların oynadığı rollar çox zaman onların həyatına təsir göstərir. Sizdə belə bir şey olub?
– Ola bilər obrazımın hansısa xüsusiyyətini mənimsəyim. Ancaq deyə bilmərəm ki, çəkilişdən çıxdım və “Babək” oldum. Tamamilə bənzərlik isə absurddur.
Mən özümü xarakterik aktyor kimi hiss edirəm, məsələn, “Geroy Lubovnik” deyiləm. Mən “Otello”da Yaqonu oynamaq istəyərəm.
– Qadınlardan həmişə çox diqqət görmüsünüz. Bu sevgi sizi ilhamlandırıb, ya yorub?
– Təbii ki, o vaxtlar SMS yox idi, məktublar gəlirdi. Bizim filmlər xaricdə nümayiş olunurdu. Rusiyadan, Bolqarıstandan məktublar alırdım. Bu məktublarda aktyora da, kişiyə də olan məhəbbəti hiss etmişəm. Bütün bunlar məni ilhamlandırıb. Ancaq belə şeylərə uymadım.
Məşhurlaşanda artıq iki övladım və ailəm var idi. İnsan bir ailəni yaradıbsa, gərək ona baxsın, əzizləsin, ömrünün sonunadək bir yerdə tuta bilsin.
– Yoldaşınız sizi qısqanmırdı?
– Əvvəllər olurdu, lakin mən diqqətli idim və ailəmə qarşı məsuliyyətim var idi.
– Necə valideyn və ata olmusunuz?
– Təbii ki, hər insan istəyir, onun övladı tanınsın, ağıllı olsun, amma mənim istəyim övladlarımın cəmiyyətə uyğun və yararlı adamlar olmasıdır. Parazit olmasınlar. Pis uşaqlara qoşulmasınlar.
Yoldaşım onları dərsə aparıb-gətirirdi. Mən uşaqlar institutda oxuyanda lap ağını çıxarmışdım. Bir saat gec gələndə soruşurdum ki, hara getmişdiniz? Onları istintaqa çəkirdim.
– Sizin valideynlər də sizə qarşı eyni diqqəti göstərirdi?
– Yadımdadır, bir film gəlmişdi, dərsdən qaçdıq, getdik. Müəllim atama demişdi, o isə məni cəzalandırdı (gülür).
– Televiziya və film sahəsində hər hansı bir vəzifə verilsə, hansı yenilikləri etmək istəyərdiniz?
– Bilirəm ki, o vəzifəni mənə verməyəcəklər, ona görə də bu barədə düşünməmişəm. Arzu edirəm ki, yeni filmlər çəkək və premyeralarda görüşək. Sənət barədə söhbətlər edək.
Söhbətləşdi: Nura Suri
Hazırladı: .
Foto və Video: Alibey Qasımov
Montaj: Xanlar Ağayev
www.ÇıxışYolu.Com