0432198c-151e-4eef-bc2d-f66eedeb4baf..jpg

Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 456 dəfə baxılıb.

Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam…” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kino işçiləri olaraq dövlətimizdən o vəziyyətdə pul istəməyə üzümüz gəlmirdi.
Hər şey müharibə üçün idi. Daha vacib işlərimiz vardı”.

Bu sözləri xalq artisti Rasim Balayev Teleqraf.com-un suallarını
cavablandırarkən deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycanda yeni yaradılan kino birliyinin – Azərbaycan Kinematoqrafçılar
İttifaqının (AKİ) sədrisiniz. Fəaliyyətiniz necə davam edir? Bu sahədə nə kimi
dəyişikliklər edəcəksiniz?

– Azərbaycan Kinematoqrafçılar İttifaqının öz nizamnaməsi var və indiyə qədər
onunla fəaliyyət göstəririk. Bizim işlərimiz onda daha parlaq, gözəl və
canlandırıcı görünər ki, yeni filmlər çəkilsin. Çox təəssüf, bu gün kino sahəsi
yaxşı vəziyyətdə deyil. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci
katibi, sonra isə sədri seçildim. Bizim çoxlu tədbirlərimiz olub, filmlərimizin
premyeraları baş tutub, onlar haqqında rəylər səsləndirilib, müzakirələr
keçirilib. Gənclərin kinoya cəlb olunmasını həmişə prioritet hesab etmişik və
bu tendensiya indi də davam edir. Təəssüflər olsun ki, indi filmlər çəkilmir.
Film çəkilsə, işlərimiz daha böyük vüsət alar. Ancaq ümidlə yaşayırıq.

– Rasim müəllim, niyə film çəkilmir? Kino sahəsində çatışmayan cəhət nədir?

– Biz bir ictimai formasiyadan başqasına keçdik. Yəni sovet dövründə pis-yaxşı
bir struktur, bir nizam vardı. O istiqamətdə işlərimizi qururduq. Əvvəlki
struktur dağıldı, yenisi yaranmadı. Təsəvvür edin, Azərbaycanda 6-7 il film
çəkilmədi. Kinostudiyada 1200 əməkdaş işləyirdi, həmin şəxslər işsiz qaldılar.
Dünyasını dəyişənlər, səhhətində problem yarananlar, başqa sahəyə gedənlər
oldu. 90-cı illərdə Qarabağ problemi ortaya çıxdı. Kino işçiləri olaraq
dövlətimizdən o vəziyyətdə pul istəməyə üzümüz gəlmirdi. Hər şey müharibə üçün
idi. Daha vacib işlərimiz vardı. Sənətkarlarımızın da çoxu dünyasını dəyişdi.
Köhnə kino məktəbindən az adam qaldı. Yeni nəsil isə yetişmədi. Bizə Sergey
Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu yer verirdi, bir
rejissor, bir operator, bir ssenarist yetişdirirdi. Bu da ləğv olundu. Düzdür,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorlar,
operatorlar hazırlayırdılar, amma, bu istədiyimiz səviyyədə deyildi və indi də
deyil. Çünki universitetin yüksəksəviyyəli bazası yoxdur. Məsələn, Gerasimov
adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alan tələbəyə kurs
işi zamanı maliyyə ayrılırdı. Burada isə belə ənənə və büdcə yoxdur. Çox
təəssüf ki, Azərbaycan kinosuna toyları çəkən operatorlar gəldi.

– Bildiyimiz qədər bir çox operatorların ali təhsili də yoxdur…

– Doğrudur, çoxunun ali təhsili də yoxdur. Mən həmişə deyirəm ki, Aşıq Ələsgər
təhsil görməyib, amma Allah ona istedad verib. Bədahətən şeir demək, şeir
qoşmaq olar. Kino kollektiv sənətdir. Burada texniki məsələləri dəqiq bilmək
lazımdır. Bizdən asılı olan və olmayan səbəblərə görə, tamaşaçı auditoriyamızı
itirdik. Hazırda kino sahəsi üçün çox çətin bir dövrdür. Tamaşaçıları geri
qaytarmaq lazımdır. İnsanlarda bu sahəyə inam itib, Azərbaycan kinosu ağır
vəziyyətdədir. Bizim ali məqsədimiz isə budur ki, bu işi sahmana salaq və
Azərbaycan tamaşaçısının zövqünə uyğun filmlər çəkək.

– Rejissor Emil Quliyevin filmlərini izləmisinizmi?

– Xeyr, izləməmişəm. Bir var, tamaşaçı, bir də var, bu sahədə 50 il çalışan
peşəkar kimi filmləri izləyirsən. Yaxşı aktyorlarımız var. Amma ən böyük
problemimiz ssenari məsələsidir. Ümumiyyətlə, ədəbiyyat, kino, teatr, musiqi
sahələrində müəllifin tamaşaçıya həmişə mesajı olur, tamaşaçıya nəsə ötürməli
və düşündürməlisən. Təəssüf ki, Azərbaycanda filmlər tamaşaçıya mesajı verə
bilmir. Nə qədər detektiv janrdan istifadə etmək olar?! Bir-birini vurmaq,
kiminsə ailəsini dağıtmaq və sair kimi mövzular nə qədər olar?! Biz insanlara
ruh verməli, onların zövqlərinin formalaşmasına kömək etməliyik. İnanırsınız,
tamaşaçı zövqü o qədər korlanıb ki, keyfiyyətli işlərə baxa bilmirlər.
İstəyirlər ki, orada boş-boş hırıltı olsun. Artıq düşünüb-düşündürən əsərləri
unudublar. Biz də istəyirik ki, elə filmlər çəkilsin ki, tamaşaçıya müəyyən
qədər zövq versin, xeyri olsun. Məsələn, öz həyatımdan nümunə göstərim. Bir
yetkin insan kimi formalaşmağımda məktəbin, universitetin, mütaliə etdiyim
əsərlərin, teatrın, kinonun çox köməyi olub. Oxuduğum əsərlərdə baş qəhrəmanın
yerinə özümü qoymuşam və düşünmüşəm ki, bu situasiyada mən nə edərdim… Ondan
ibrət götürmüşəm. Təəssüf ki, hazırda belə ənənə yoxdur.

– İTV, “Xəzər” və ATV kanallarında seriallarımız yayımlanır. Seriallarımıza
münasibətiniz necədir?

– Heç kim inciməsin, heç bir serialımıza baxa bilmirəm. Hər sənətin öz
xüsusiyyəti var. Kino sahəsi böyükhəcmli mətnləri sevmir, çünki təsviri
sənətdir. Kino lakonik olmalıdır. Aktyor isə obrazı ilə üzərinə düşəni
tamaşaçıya çatdırmalı və onu düşündürməlidir. Bu yoxdursa, nə faydası var?!

– Son vaxtlar televiziyalarımızın səviyyəsi çox tənqid edilir. Bu kimi
məsələləri həll etmək üçün siz nə tövsiyə edərdiniz?

– Hamı narazıdır. Bir müddət əvvəl televiziya rəhbərləri bir araya
gəlmişdilər. Onlara öz fikrimi bildirdim. Mənə cavab verdilər ki, televiziyaya
reytinq lazımdır. Bu söz mənim xoşuma gəlmədi. Reytinq naminə insanların
zövqünü niyə korlayırsınız? Efirə layiq olmayan insanları verilişlərə ailəvi
dəvət edirlər, sonra da milli mənəvi dəyərlərimizə zidd olan mövzuları müzakirə
edirlər. Aparıcıların çoxu ləhcə ilə danışır. Azərbaycan dili çox gözəl dildir.
Dilimizi korlamağa, vulqar danışıqlara isə yol verilməməlidir. Mən Orta Asiya,
Türkiyə, Almaniya və bir çox ölkələrdə filmlərə çəkilmişəm. Mənə həmişə
deyirdilər ki, Azərbaycan şeiri səsləndirim. İmadəddin Nəsiminin qəzəllərini,
Mikayıl Müşfiqin şeirlərini səsləndirirdim. Deyirdilər ki, Azərbaycan dili necə
gözəldir, dilin nə gözəl ahəngi var. İndi dilimizi də pis vəziyyətə salıblar,
hərə öz ləhcəsində danışır, belə olmaz. Ədəbi dildə danışılmalıdır, demirəm ki,
Azərbaycan dilinin qrammatikasından dərs keçsinlər. Məhkəmə hadisələrini “Səni
axtarıram”, “Bizimləsən” verilişlərində yayımlayırlar. Kişi həyat yoldaşı ilə
birləşib anasını evdən qovur və s. kimi hadisələri efirdə təqdim edirlər. Bu
hadisəni televiziyada niyə təbliğ edirsən, nə demək istəyirsən? Gənc nəsil
bundan nə tərbiyə götürəcək?! Düzdür, Rusiya və Türkiyə telekanallarına da
baxıram, orada da bayağı verilişlər var. Amma səviyyəli, maraqlı verilişlərin
də sayı az deyil. AzTV və bir az da İTV kanalı xoşuma gəlir. Nə təqdim edirsən
et, nümunəvi olmalıdır, izləyicilər nəsə götürməlidirlər. Əvvəllər televiziyaya
hər adamı buraxmırdılar, nümunəvi insanlara icazə verirdilər. Hətta
televiziyaya çıxan adamın bioqrafiyası ilə maraqlanırdılar.

Torpaqlarımız 30 il işğalda idi. Müharibə başlayanda gördük necə oğullarımız
cəbhəyə yola düşdülər, xalqın içində, genində qəhrəmanlıq var. Niyə o hissləri
öldürürsünüz? Nə qədər oxuyan olarmış? Musiqi sahəmizi nə günə salıblar! Güman
edirəm ki, bu məsələlərə bir əncam çəkiləcək.

– Xalq artisti Oqtay Mirqasımov kino ittifaqlarının birləşməsinin əleyhinə
çıxdı və səsvermə zamanı zalı tərk etdi. Hazırda onunla münasibətiniz necədir?

– Oqtay Mirqasımovla dostam, iki filminə çəkilmişəm. Əvvəlcə o, birləşməyin
tərəfdarı idi. Sonra onu anlaya bilmədim. Bir neçə ay əvvəl bir yerə
yığışmışdıq, danışdıq ki, iki ittifaqın mövcudluğu kənardan yaxşı görünmür.
Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar, Rəssamlar ittifaqları var, bu da bir
ittifaq olsun. Müəyyən səbəblər vardı, ayrıldılar, amma indi bir olmalıyıq. O
da bunun tərəfdarı idi. Sonra nə oldusa… Biz həmişə bir-birimizə hörmətlə
yanaşmışıq. Başım çıxmadı. Dedi ki, AKİ dağıdıcı qurum olacaq. Biz nəyi
dağıdırıq? Sən də hörmətli ağsaqqalsan, gəl, bizə məsləhət ver. Onun “Rasim
idarəçiliyi bilmir” sözü xoşuma gəlmədi. Məni bir az aşağıladı. Axı, Rasim 23
il Azərbaycan Kinematoqrafçılar İttifaqında birinci katib olub, iki il də
sədr… Bəli, İqtisadiyyat Nazirliyinin idarəçiliyini, kənd təsərrüfatını
bilməyə bilərəm. Amma 25 il burada işləmişəm. Sadəcə bir az yumşaq adamam,
bəziləri də düşünür ki, sədr zəhmli olsun, onu görəndə hamı gizlənsin. Belə
adamlar bizdə olub, amma mən hamıya bərabərhüquqlu, dostcasına münasibət
bəsləməyə çalışmışam. Vəzifə gəldi-gedərdi. Kino sahəsinin tanınmış simaları
bir araya gəlib bu vəziyyətdən çıxmağın yollarını axtarmalıyıq. Bir-birimizi
təqsirləndirmək yolu ilə yox…

– Sizin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməyinizi
istəməyənlər də olub?

– Yəqin ki, olub. Əvvəl deyirdilər ki, sənin paxıllığını çəkirlər. Paxıllıq
hissi mənə yaddır. Cavab verirdim ki, vallah, heç nə hiss etməmişəm. Çünki ildə
azı iki-üç filmə çəkilirdim, dublyaj edirdim, başım o qədər qarışıq olurdu, heç
bu işlə maraqlanmırdım. Allah hər kəsi bir cür yaradıb, hər kəsin də bir
qisməti var. Orada-burada işə yararlı söhbət danışırlarsa, gəlsinlər birgə
edək. Qurultayda elan olundu ki, kim istəyir öz namizədliyini versin, sədrlik
səsvermə ilə oldu. Düzü, əvvəllər bura gəlmək istəmirdim. Söhbət 1990-cı
illərdən gedir. O vaxtadək kinostudiyada aktyor kimi çalışmışam. Məni dəvət
edəndə dedim ki, aktyoram, o vaxt filmlər çəkilirdi. Sonrakı illərdə düşündüm,
yaxşı ki, bu iş oldu, yoxsa nə edəcəkdim? Filmlər də çəkilmirdi. O vaxt Rüstəm
İbrahimbəyova dedim ki, mən kabinet adamı deyiləm. Cavab verdi ki, heç kim
anasının qarnında kabinet işçisi olmur, gəlib öyrənəcəksən. Bu sahədə 25 ildir
işləyirəm, mənə deyirlər, idarəçiliyi bilmir… Mənə şübhə ilə yanaşırlar.
Səbəbini isə konkret açıqlayan yoxdur, çünki tutarlı arqument tapmaqda
acizdirlər.

– Siz sədr seçiləndən sonra tanınmış kino xadimləri arasında qarşılıqlı
ittihamlar başladı, Ayaz Salayev, Əbdül Mahmudbəyov haqqınızda xoşagəlməz
fikirlər səsləndirdilər.

– Mən həmişə demişəm ki, kimin yaxşı təklifi varsa, gətirsin, biz də öz
işimizdə nəzərə alaq. Mən hamıya dostcasına baxmışam, vallah. Paxıllıq etməyə
vaxtım olmayıb. Nə içimdə elə xasiyyət olub, nə də buna vaxtım qalıb. Bir də
ayılırdım ki, yeni ildir, deyirdim bir il necə keçdi… Daşkənddə, Almaniyada
çəkilirdim, dublyaj, ailə qayğıları və s. Bir də görürdüm il başa çatdı.
Səbəbsiz olaraq ünvanıma xoşagəlməz sözlər söylədilər. Məndən əvvəlki AKİ
sədri, mərhum Rüstəm İbrahimbəyov dünyasını dəyişəndən sonra kollektiv məni
çağırdı. Onlara bildirdim ki, mən bu vəzifəni istəmirəm. Cavab verdilər ki, bu
vəzifənin icrası üçün tanınan adam lazımdır. Sonra yazıçı Anar Rzayev gəldi.
Hərəsinin öz çəkisi, öz yeri var. Amma Əbdül dedi ki, “Azərbaycan kinosuna
Rasim Balayev xəyanət edib”. Haqqımda dedilər ki, guya mənim Azərbaycan
kinosunda heç bir xidmətim olmayıb. Mən Əbdüllə 57 il dostluq etmişəm, ailəvi
yaxın idik. Çox heyif ki, belə lazımsız söhbətlər oldu. Düzdür, Əbdül əl verdi,
barışdıq. Amma mən daxilimdə barışmıram. Mən Ayaz Salayevlə də işləmişəm.
Haqqımda elə söz dedi ki… Dedi, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar
İttifaqının sədr olmasının heç bir əhəmiyyəti olmayacaq. Mən də ona cavab
verdim, ən böyük səhvlərimdən biri odur ki, sənin filminə çəkilmişəm. Amma bir
rejissor-aktyor kimi çox səmərəli iş görmüşdük. “Yarasa” filmi Fransada baş
mükafat aldı. Yəni birlikdə ümumi işlərimiz olub. Bunu niyə yerə vurursunuz?
Sədr olmaq istəyirsən, namizədliyini ver və gəl burada otur. Deyirlər ki,
oturub orada kef edir. Nə kef etmək?! İnsanlar gəlirlər, onların problemi ilə
məşğul oluruq, imkanımız daxilində müəyyən adamlara sosial köməklər edirik. Bu
idarədə bir qəpik yeyinti ola bilməz. Qətiyyən! Çünki mən belə tərbiyə almışam.

– Rasim müəllim Azərbaycanın ən xarizmatik aktyorlarından biridir. Həyat
yoldaşınızla münasibətinizdə hər hansı qısqanclıq olubmu? Ailənizi necə qoruyub
saxlamısınız?

– Qısqanclıqlar olub. Yaxşı ki, məşhur olmazdan əvvəl evlənmişdim və iki
övladım vardı. 22 yaşımda ailə qurmuşam. Mən “Nəsimi” filminə çəkiləndə iki
övladım vardı. Ailəmi də çəkiliş meydançalarına aparırdım. Əvvəllər həyat
yoldaşımla küçədə gedəndə insanlar mənə baxmırdılar. Sonra həyat yoldaşımla
harasa gedəndə hamı mənə baxanda qəribə olurdu. Ona deyirdim ki, “ay qız, onlar
mənə aktyor kimi baxırlar, sənətimi sevən insanlardır”.

– Hətta bir çox xanımlar sizi seviblər, məktublar yazıblar…

– Bəli, bu kimi hallar olub. Amma artıq ailəm vardı və ailə mənim üçün
müqəddəs idi. Onun naminə müəyyən şeylərdən vaz keçmişəm. Qısqanclığa görə
həyat yoldaşımla davamız da olub. Amma sonradan vərdiş etdi ki, sənətin
qaydaları belədir. Mən mühəndis, müəllim olsaydım və küçədə gedəndə mənə baxan
olmazdı. Aktyor kimi baxırdılar, amma bu o demək deyil ki, hamı mənimlə sevgi
yaşamaq istəyirdi. Mənə çoxlu məktublar gəlirdi…

– Həyat yoldaşınız da məktubları oxuyurdu?

– Bəli, oxuyurdu. Heç bir məktuba cavab vermirdim.

– Sizə məktub yazanlar sırasında aktrisalarımız da olub.

– Bir neçə aktrisa var, deyirlər ki, biz sizi filmdə gördük və bu sənətə
sevgimiz yarandı. Firəngiz Mütəllimova, Mehriban Zəki və başqaları. Yadımdadır
ki, 2000-ci ildə Rusiyanın Arxangelsk şəhərinə festivala getmişdik. O zaman
küçədə bir xanım uşağı ilə gedirdi. Mənə yaxınlaşıb dedi ki, “siz “Nəsimi”
filminə çəkilmisiniz? Məktub da yazmışdım sizə. Mən sizi gözünüzdən tanıdım”.

– Zamanla bu hal sizin üçün adiləşdi?

– Əlbəttə, daxilimdə fərəh hissi keçirirdim, bununla yanaşı məsuliyyət.
Düşünürdüm ki, işimdə həmişə səviyyəmi saxlamalıyam. Son 10-15 il idi ki,
filmlərə çəkilmirdim. Sonuncu filmim 2012-ci ildə çəkilən “Sübhün səfiri” oldu.
Evdə otururdum, işləmirdim. Seriallardan çox dəvət alırdım, amma ekran
əsərlərimiz xoşuma gəlmirdi. Sonra düşündüm ki, sən öz işini normal et, evdə
oturmusan. Həmişə insanların əhatəsində olan insan idim, bu boşluq məndə
depressiya yaratdı. Doqquz il evdə oturdum. Düşündüm ki, mən Azərbaycan
kinosunda heç kimə lazım deyiləm. Sonra məni seriallara dəvət etdilər, bir az
əvvəl dediyim kimi, düşündüm ki, ümumi seriala deyil, öz roluma cavabdehəm. Öz
rolumu peşəkar oynayaram. Beləliklə, seriala çəkildim. Oradakı ab-havanı gördüm
və xoşuma gəlmədi. Ondan sonra serial təkliflərini qəbul etmədim.

– Ailə üzvlərinizlə Şuşaya da getmişdiniz…

– Şuşaya 1976-cı ildə getmişdim, uşaqları da aparmışdım. Onda Şuşa azad idi.
Bir dəfə də 2021-ci ildə Şuşa azad olunduqdan sonra getdik. Ailəmlə eyni
məkanda eyni pozada şəkil çəkdirdik. Ondan sonra Şuşaya bir dəfə tədbirə
getdim. Mənim və kino ilə böyüyən insanların amalı birdir, Azərbaycan kinosu
inkişaf etsin. Başqa niyyətimiz yoxdur. Aktyor kimi isə arzum budur ki, yaxşı
ssenari olsun, filmə çəkilim. Mənə elə gəlir ki, daxilimdəki potensialı tam
göstərməmişəm. Nə qədər sağam təcrübəmi kino sahəsində göstərim. Mən kino
aktyoruyam, bu sahəyə möhkəm tellərlə bağlıyam.

– Necə bir obraz oynamaq istərdiniz?

– Dərin psixoloji obraz canlandırmaq istərdim. Hətta tragikomik obraz da
canlandıra bilərəm. Mən özüm yumor hissini çox sevən insanam. Çalışmışam ki,
düşünüb, düşündürəm. Yüksəksəviyyəli ssenari və ürəyimcə bir rol olmalıdır.
Teatrda da rol oynaya bilərəm, əvvəl də oynamışam. Akademik Milli Dram
Teatrında klassik əsərlərdə oynaya bilərəm.

Source link