Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda “Qarabağ” “Kukesi” ilə qarşılaşacaq.
ÇıxışYolu.Com xəbər verir ki, ötən mövsüm Albaniyanın gümüş mükafatçısında millimizin və “Qarabağ”ın sabiq hücumçusu, hazırda “Qəbələ” klubunun şərəfini qoruyan Rauf Əliyev yarım il oynayıb.
Bu üzdən ÇıxışYolu.Com Rauf Əliyevdən sabiq komandasının oyunları haqda fikrini öyrənib. O bildirib ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəqibi haqda məlumat toplayarkən onun köməyinə ehtiyac duymayıb:
“Bu komandada çoxlu dəyişikliklər olub. Hücum xətti dəyişib. Mən orda olanda da başqa baş məşqçi çalışırdı. Ancaq səviyyəsinə görə “Qarabağ” rəqibindən üstün görünür.
Üstəlik, bu oyunda “Qarabağ”ın heyətində yeni transferlər də olacaq. Ona görə də “Qarabağ”ın şansı daha çoxdur. Ancaq konkret proqnoz verə bilmərəm.
Qurban Qurbanov “Kukesi” haqda informasiya üçün mənə müraciət etməyib. Məncə, buna heç ehtiyac da yox idi. Çünki indi müasir texnika vasitəsi ilə istənilən komanda haqda məlumat toplamaq olur. Qurban müəllim də elə bir mütəxəssisdir ki, özü hamıdan yaxşı klubları analiz edə bilir”.
Rauf “Kukesi”dəki sabiq komanda yoldaşları – Rustem Hoca və Valon Ethemi, eləcə də keçmiş baş məşqçisi, hazırda “Keşlə”ni çalışdıran serbiyalı Mladen Milinkoviçlə görüşü haqda da danışıb:
“Onlar bir gün tez Bakıya gəlmişdilər. Həmin oyunçulardan biri ilə (Makedoniya albanı olan Ethemini nəzərdə tutur – S.M.) Albaniyada oynayarkən çox yaxın idim. O, türkcə bildiyi üçün daha çox orda onunla ünsiyyətdə olurdum.
Sadəcə olaraq, Milinkoviç də həmin görüşə dəvət edilmişdi. Milinkoviç ora gəldiyi üçün mətbuat yazdı ki, “Keşlə” bu iki futbolçunu transfer edəcək. Mətbuat hamını hər yerə transfer edə bilir. Əslində isə belə bir şey yoxdur”.
Rauf Əliyev Mladen Milinkoviçlə Albaniyada olarkən yaranan problemi unutduğunu da qeyd edib:
“Mənim daha çox klubla problemim olmuşdu. Düzdür, Milinkoviç də ordan ayrılarkən əleyhimə pis danışmışdı. Amma hər şey keçmişdə qalıb. İndi o da, mən də Azərbaycandayıq. Görüş zamanı normal şəkildə salamlaşdıq”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com