“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” – İDDİA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“TTQ QRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf
Quliyevin bir neçə şəxsə qarşı dələduzluq etməsi iddia olunur.
“Qafqazinfo”ya müraciət edən Qasım Kazımov və digər üç şikayətçi Rauf
Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.
Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin
layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: “Rauf
Quliyevin adamları “TTQ QRUP” MMC adından elan saytlarında “Fərdi evlərin nağd
və kreditlə tikilib satılması” başlıqlı reklam yerləşdirirlər. Ötən il noyabrın
30-da mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Məni şirkətin
tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda
görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət, “Kottec” deyilən
yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı
bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur.
Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə dörd ay ərzində
təhvil verəcəklər”.
Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək
müqavilə imzalayıb:
“Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada
“TTQ QRUP” MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim
üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş
kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və
müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən, 20 min manatı Raufa verdim.
Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən dörd ay müddətinə evi tikib tam
təhvil verəcək”.
Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti
aparılmayıb və verdiyi pulları geri ala bilmir:
“Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700
manat rüsum ödəyib, gah da başqa sözlər… Mən onların Yasamaldakı ofislərinə
getdim və orada məlum oldu ki, mənim kimi bir çox adama ev tikintisini vəd
edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar.
Həmin adamlardan mənimlə birgə dörd nəfər – Vüsal Mustafayev (18 000 manat),
Zülfiyyə Zeynalova (25 000 manat), Emin (21 000 manat) və digər şəxs müxtəlif
dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25
nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və
prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb
və Rauf Quliyev barəsində tədbir görülmür”.
İttihamlarla əlaqədar Rauf Quliyevlə əlaqə saxlanılıb. O, bildirib ki, məsələ
ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır:
“Mən həmin şəxs üçün torpaq sahəsinin alınması məqsədilə dörd min manat
ödəmişəm, qəbzlər də var. Gedib şikayət edib, mənim ictimai mövqeyimdən
istifadə edərək belə bir addım atır. Onunla danışanda da demişdim ki, pulunu
hissə-hissə ödəyəcəyik”.