Rayonlar “özünü maliyyələşdirmə prinsipinə” keçirlər: Bəs bu prosesin nəticəsi
nə olacaq? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rayonlara dövlət büdcəsindən, yəni mərkəzləşdirilmiş büdcədən ayrılan
vəsaitlərin həcmi azalıb. Büdcədən vəsait alan regionlardan yalnız biri –
Yardımlı rayonu Yuxarı Qarabağ və Şərqi Zəngəzurdan kənardadır. Digərləri
işğaldan azad olunmuş ərazilərimizdə yerləşən rayonlardır.
2024-cü ildə Azərbaycanın şəhər və rayonlarından 58-i xərclərini dövlət
büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin
edəcək. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə
layihələrində əksini tapıb. Bu il qalan yeddi rayona yerli gəlir və xərcləri
tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 9,3 milyon
manat maliyyə yardımı ayrılacaq ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə
3 milyon manat və ya 24 faiz az, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə
isə 22,8 milyon manat və ya 70,9 faiz azdır. Dotasiyaların azaldılması
təcrübəsi illərdir davam edir. Bəs bu prosesin nəticəsi nə olacaq?
Mövzu ilə bağlı “Kaspi”
qəzetinin araşdırmasını təqdim edirik.
Dotasiya alanlar işğaldan azad olunmuş rayonlardır
Millət vəkili Vüqar Bayramov deyib ki, son illər dövlət büdcəsindən dotasiya
alan rayonların sayı azalır: “2024-cü ildə də əvvəlki illə müqayisədə daha bir
rayon dövlət büdcəsindən dotasiya almayacaq. 2022-ci ildə yardım alan
rayonların sayı 2023-cü ilə nisbətən çox idi. Dotasiya alan rayonların
azalmasının əsas səbəbi onların “özünü maliyyələşdirmə prinsipinə” keçidini
təmin etməkdir. Məqsəd ondan ibarətdir ki, rayonlarda yerli mənbələrdən
istifadə etməklə öz xərclərini qarşılama prinsipi həyata keçirilsin. Bu
kontekstdə rayonlara dövlət büdcəsindən, yəni mərkəzləşdirilmiş büdcədən
ayrılan vəsaitlərin həcmi azalır. Büdcədən vəsait alan regionlardan yalnız biri
– Yardımlı rayonu Yuxarı Qarabağ və Şərqi Zəngəzurdan kənardadır. Digərləri
işğaldan azad olunmuş ərazilərimizdə yerləşən rayonlardır”.
Qərar rayonların inkişafına müsbət təsir göstərəcək
V.Bayramov bildirdi ki, bu qərar rayonların inkişafına müsbət təsir
göstərəcək: “Mərkəzləşdirilmiş dəstəyin azaldılması kontekstində həm də yerli
mənbələrdən daha çox vəsaitin cəlb edilməsi üçün imkanların genişləndirilməsinə
ehtiyac var. Bu, xüsusən rayonlarda investisiya mühitinin daha da
yaxşılaşdırılması, sərmayə cəlbinin genişləndirilməsi və rayonlara daha çox
investisiyanın yönəldilməsi hesabına yeni iş yerlərinin yaradılması, formalaşan
əlavə dəyərin həcminin artırılmasına nail olmaq üçündür. Nəzərə alsaq ki, həm
yerli, həm xarici investisiyalar rayonların inkişafı baxımından vacibdir. Ona
görə investisiyanın cəlb edilməsi rayonlar üçün daha çox vəsaitin əldə edilməsi
imkanları yarada bilər”.
Deputat düşünür ki, yerli maliyyə mənbələri ilə bağlı sistemli araşdırma
aparılmalı, ona uyğun mərkəzləşdirilmiş vəsaitə olan ehtiyac
müəyyənləşdirilməlidir. Çünki sosial-iqtisadi məsələlərin əhəmiyyətli hissəsi
mərkəzləşdirilmiş sosial proqramlar və layihələr vasitəsilə həyata keçirilir və
ödənilir. Amma yerli mənbələrin də rolunun artırılması vacibdir.
Rayonlar maliyyə asıllılığından azad olmağı öyrənməlidirlər
Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri,
iqtisadçı ekspert Altay İsmayılovun sözlərinə görə, burada əsas səbəb özünü
maliyyələşdirmə imkanlarının ortaya çıxarılmasıdır: “Makro mənada prinsipial
yanaşma regionların iqtisadi asılılığının və dövlət büdcəsinin maliyyə yükünün
azaldılması istiqamətindədir. Yəni dövlət təşviq və tələb edir ki, artıq
regionlar xərclərini gəlirləri hesabına ödəsinlər. İstənilən halda regionlar
iqtisadi və maliyyə asıllılığından azad olmalı və öz ayaqları üzərində durmağı
öyrənməlidir. Bu yolla regionların sahib olduğu iqtisadi potensialdan istifadə
təşviq olunaraq, resurslardan düzgün və səmərəli istifadə ön plana çıxır. Bu
yanaşma regionlarda təşəbbüskarlıq ruhunun canlandırılmasına da səbəb olacaq.
Çünki istənilən halda xərclərin ödənilməsi üçün gəlirlərin artırılmasına
ehtiyac var. Bunun üçün isə yeni gəlir əldə etmək imkanlarının təşviq edilməsi,
təşəbbüskarlıq ruhunun canlandırılması vacib amil halına gəlir”.
Yerli icra orqanlarının üzərinə düşən məsuliyyət artacaq
A.İsmayılov qeyd etdi ki, bundan sonra yerli icra orqanlarının üzərinə düşən
məsuliyyət artacaq: “Başqa bir məsələ, yerli icra orqanlarının effektiv
fəaliyyətinin artırılmasıdır. Əgər yerli icra orqanları burada ciddi məsuliyyət
hiss etməsələr, uzun müddət mərkəzdən asılılıq davam edəcək. Bu baxımdan, yerli
icra orqanlarının gəlirlərin artırılması istiqamətində məqsədyönlü fəaliyyət
planı olmalıdır. Regiona daxili və xarici investisiyanı cəlb etmək, investisiya
mühitini yaxşılaşdırmaq onların qarşısında duran məsələlərdən bəziləridir.
İnkişaf üçün təşəbbüskarlığın təşviq edilməsi və qurulmuş bizneslərin qorunması
labüddür. Yəni icra orqanları bilməlidirlər ki, regionda mövcud olan bizneslər
onların bu istiqamətindəki fəaliyyətlərində vacib amildir. Ona görə də biznes
üçün şərait yaratmaq, onların işlərini asanlaşdırmaq böyük əhəmiyyət daşıyır”.
İlk dövrdə müəyyən çətinliklər ola bilər
Ekspertin fikrincə, bu yanaşmanın regionlara təsirini görmək üçün zaman
lazımdır: “Qısamüddətli dövrdə bu tələb bəzi rayonlar üçün müəyyən çətinliklər
yarada bilər. Çünki indiyə qədər olan asılılıq və vərdişlər var ki, bundan
sonra müəyyən maliyyə resurslarından məhrum olmaq bəzi strukturların
fəaliyyətlərində gərginlik yarada bilər. Ancaq istənilən halda, orta və
uzunmüddətli dövr üçün bu yanaşmanın müsbət təsiri olacaq. Müəyyən bir dövr
ərzində icra orqanları bir-birinin müsbət təcrübələrindən faydalanacaq və
aralarında müsbət rəqabət formalaşacaq”.
A.İsmayılov bildirdi ki, dotasiya alan və almayan rayonların potensialları hər
il nəzərə alınmalıdır: “Çünki dotasiya alan rayonların potensialları eyni
deyil. Bu ilin və sonrakı illərin reallaşan büdcə rəqəmləri üzərində yenidən
analizlər, hesablamalar aparılmalı, potensiallar diqqətə alınmalıdır”.