Reabilitasiya mərkəzində xəstələrə əzab verənlərin yenidən məhkəməsi başladı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində “New Life” reabilitasiya mərkəzinin xəstələrə
əzab verməkdə ittiham olunan əməkdaşlarının barəsindəki hökmdən verilən
apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev 8 il, Orucəli
Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev
isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, dəymiş ziyana
görə, O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən
hissəsi müsadirə olunub.
Qeyd edək ki, “New Life” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə
dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12
addım” proqramından istifadə olunub. Mərkəzin rəhbəri O.Əliheydərov, digər
əməkdaşları – E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə
işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.
İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri Hüseyn Məmmədov ölüb.
Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında
saxlama kimi işgəncə növlərindən istifadə edilib. Dəstə üzvləri Cinayət
Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə)
maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayevə,
həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də
ittiham verilib.