Azərbaycanda reabilitasiya texnologiyaları sektorunun gücləndirilməsi sahəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə icrasına başlanan layihəyə dair maraqlı tərəflərin məlumatlandırılması və prosesə cəlb olunması məqsədi ilə onlayn toplantı keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məcilsin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məcilsin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və b. iştirak ediblər.
Toplantıda Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısının nəticəsi olaraq həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatının daim gücləndirildiyi vurğulanıb. Reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün əlavə edildiyi, hazırda həmin siyahıda reabilitasiya vasitələri növlərinin 60-a yaxın olduğu qeyd edilib. Ölkəmizdə yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqla təminat proqramlarına başlandığı diqqətə çatdırılıb.
Əlillik sahəsində aparılan islahatlar qeyd olunub. Bu islahatlarda Nazirliklə ÜST arasında əməkdaşlıq əlaqələrindən bəhs edilib. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində ÜST ilə əməkdaşlığı nəzərdə tutan yeni layihə barədə məlumat verilib.
Bildirilib ki, 2021-ci ili əhatə edən layihə köməkçi texnologiyalar (reabilitasiya vasitələri) üzrə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatların keçirilməsi işlərini nəzərdə tutur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsi üçün təkliflər hazırlanacaq.
Görüşdə layihə üzrə aparılacaq işlər barədə maraqlı tərəflərə ətraflı məlumatlar verilib, rəy və təkliflər səsləndirilib.