“Real Madrid”in prezidenti Florentino Peres “New York Times” nəşrinə açıqlamasında Avropa Superliqası keçirmək versiyasını təklif edib.
Peresin fikrincə, Superliqa Avropanın 5 çempionatından çıxan 20 klubun təmsil olunduğu iki diviziondan ibarət olacaq. O, 5 çempionat dedikdə İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarını nəzərdə tutur.
Həmin komandalar öz ölkələrinin çempionatlarında iştirak etməyəcəklər. Turnirdə divizonlar arasında yüksəlmə və enmə olacaq.
Peres öz fikrini FİFA-nın prezidenti Canni İnfantinoya və bir neçə top-klubun rəhbərinə bildirib. Bildirilir ki, Superliqada iştirak klubların gəlirini ikiqat artıracaq.