3d676931-34d7-4243-911a-a6daab636470..jpg

“Real” transfer etmək istədiyi oyunçuların saqqızını necə oğurlayır?

Baxış sayı: 769 dəfə baxılıb.

“Real” transfer etmək istədiyi oyunçuların saqqızını necə oğurlayır?

Son illər bir neçə gənc, perspektivli futbolçunu heyətinə qatan Madrid
“Real”ının transferlərlə bağlı özünəməxsus üslubu var. Bu, çox effektivdir və
artıq digər klublar da ispanların sistemindən istifadə etməyə çalışırlar.

“Real”ın futbolçu və basketbolçular üçün çox çeşidli standart müqavilələri
var. Əlbəttə, hər biri fərqlidir, amma ümumi standarta malikdirlər.

Həmin müqavilələr konfidensiallıq anlaşmasına imza atmış tərcüməçilər
tərəfindən demək olar ki, bütün dillərə tərcümə edilib. Nə vaxtsa, məsələn,
Slovakiyada bir “mirvari” üzə çıxarsa, onun meneceri və ailəsi ilə görüşdə
təqdim ediləcək slovak dilində müqavilə artıq hazırdır.

Bu, “Real”ın birinci üstünlüyüdür. Onlar boş vədlər yerinə konkret müqavilə
təqdim edirlər və bununla futbolçuda ilkin təsəvvür yaradırlar. Eyni zamanda
prosesin yazılı həyata keçirilməsi hər hansı şifahi danışıqdan fərqli olaraq
oyunçunun, ailəsinin və ya menecerinin sonradan imtina etməsini çətinləşdirir.

Əgər futbolçu çox da bilinməyən dildə danışırsa, beynəlxalq dillər olan
fransıca və ingiliscə müqavilələr aparılır. Əlbəttə, bundan sonra həmin
müqavilələr oyunçunun ana dilinə tərcümə edilir. “Real” xoş niyyətini göstərmək
üçün bütün xərcləri özü qarşılayır.

Madridlilərin lehinə olan digər məqam futbolçuya karyera planının təqdim
olunmasıdır. Burada klubun oyunçudan nə istədiyi, ona nə təqdim olunduğu, ən
pozitiv və ən neqativ ssenarilər barədə məlumat verilir. Komandada uğurlu
olmayacağı təqdirdə nə baş verəcəyi, icarəyə verilmə variantları, şəxsi
markasının sırf “Real”a məxsus olduğu üçün necə yenidən dəyərləndiriləcəyi
bildirilir. Ona Madriddə uğurlu olmayacağı halda yenə də yaxşı karyeraya sahib
futbolçulardan nümunələr gətirilir. Futbolçuya uğursuzluq vəziyyətində belə,
“Real”da çıxış etməyin üstünlük olduğu və CV-sində bu adın olmasının daha sonra
yaxşı müqavilələr imzalamaq şansını artırdığı bildirilir.

Bu, ən pis ssenaridir. Daha sonra müsbət məqamlar təqdim edilir və digər
oyunçularla bağlı konkret statistikalar göstərilir. “Real”a qatılmağın marka
adına hansı radikal dəyişikliyi yaratdığı təsvir edilir. Sosial
platformalardakı izləyici sayından, axtarış sistemlərindəki artıma qədər, həm
yerli, həm qlobal sponsorlarla bağlı gələcək perspektivlər konkret “data”larla
izah edilir. Bütün bunlar ilk görüşdə üzbəüz həyata keçirilir.

“Real” transfer prosesində gizliliyə çox önəm verir və mümkün qədər iz
azdırmağa çalışır. “Real” nümayəndələri tanınmamaları üçün oyunçularla görüşə
fərqli görünüşdə getməyə üstünlük verir. Yaxud, məsələn, Dortmunda gediləcəksə,
onlar öncə Düsseldorfa uçurlar, daha sonra Dortmunda qatar, ya da başqa yerüstü
nəqliyyat vasitəsilə gedirlər.

Görüşlər oyunçunun, menecerinin evi, yaxud böyük hotellərdə təşkil edilmir.
Etibarlı bir kirayə mənzil tapılır və ünvan görüşdən yalnız bir neçə saat əvvəl
qarşı tərəfə təqdim edilir. Beləliklə, hər hansı məlumat sızıntısı olarsa, klub
bunun menecerdən, ya da futbolçunun yaxın ətrafından çıxdığını bilir. Bununla
“Real”, həm də qarşı tərəfi yoxlamış olur, etibarlı insanlar olub-olmadıqlarını
test edir.

Madrid klubu bu sistemlə daha ciddi görkəm alır. Əlbəttə, qüsursuz deyil, amma
“Real”ın etdiyi transferlər zamanı mətbuata az məlumat sızıntısı olması,
keçidlərin əksəriyyətinin özünü doğrultması sistemin işə yarıdığını göstərir.
Agentlər bunu digər klublara ötürürlər, insayderlər müəyyən məlumatları əldə
edirlər. Ancaq “Real” bu məsələdə digər klubları çox üstələyir. Həm də qeyd
olunanlar təkcə prosesin bilinən tərəfləridir…

Mənbə: “Veteranos&noveles” (“Twitter”)

Source link