e9e7d6a5-8f6a-4540-951a-f10d237b8648..jpg

Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO

Baxış sayı: 619 dəfə baxılıb.

Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında və birgə Biznes Forumunda
iştirak məqsədilə mayın 7-8-də Ankarada rəsmi səfərdə olub. Səfər çərçivəsində
bir sıra mühüm görüşlər keçirən Ə.Əsədov mayın 8-də Türkiyənin vitse-prezidenti
Cevdet Yılmazla görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı
əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər
müzakirə olunub. Danışıqlardan sonra bir sıra sənədlər, o cümlədən, “Azərbaycan
ilə Türkiyə arasında əməkdaşlığın bir sıra istiqamətlərini əhatə edən Fəaliyyət
Planı” imzalanıb.

Həmçinin iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”,
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının
Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun
yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və
Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq
haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK)
Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.

Keçirilən birgə mətbuat konfransında tərəflər bu çərçivədə mühüm fikirlər
səsləndiriblər. C.Yılmaz deyib ki, işğaldan azad olunmuş ərazilərlə bağlı
Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi nəzərdə tutulur.

Vitse-prezident bildirib ki, qarşılıqlı əməkdaşlığın inkişafında hər iki
dövlət başçısının xüsusi rolu var:

“Ölkələr arasında iqtisadi əlaqələr bundan sonra da inkişaf edəcək. Biz
universitetlərarası əlaqələrin, işğaldan azad olunmuş ərazilərlə bağlı
əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq”.

Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Belə
demək mümkünsə, əlaqələrin genişləndirilməsi kompleks xarakter daşıyır. Sözsüz
ki, bu, həm də iqtisadi əlaqələrə aiddir.

Ümumiyyətlə, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində
Qarabağın işğaldan azad olunmasından sonra Türkiyə şirkətləri bölgənin
bərpasına intensiv şəkildə investisiya ayırmağa başlayıb. 2020-ci ildən bəri bu
istiqamətdə Türkiyə ilə Azərbaycan arasında müxtəlif səviyyələrdə müzakirələr
aparılıb. Proseslərin inkişafı onu deməyə əsas verir ki, hər iki tərəf bu
sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Xatırladaq ki, 2023-cü ilin avqustunda İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə
heyətləri arasında dəyirmi masa formatında görüş keçirilib. Görüşdə
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar
Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi nümayəndə
heyəti 23 şirkətlə təmsil olunub. Həmin görüş zamanı Türkiyə şirkətlərinin
işğaldan azad olunmuş ərazilərə yatırdıqları investisiyanın artırılması
imkanları müzakirə edilmişdi. Bundan sonra isə sözügedən istiqamətdə əməli
addımlar atılıb.

Əslində, Türkiyənin işğaldan azad olunmuş ərazilərə investisiya ayırması və bu
prosesdə fəal iştirak etməsi yalnız iqtisadi yox, həm də siyasi hadisədir. Bu,
rəsmi Ankaranın Cənubi Qafqazdakı mövcudluğunun və əlbəttə, Bakının yanında
olmasının növbəti təzahürüdür.

Baş nazirlə vitse-prezidentin mətbuat konfransında Qarabağ zəfərini tarixi
qələbə adlandıran C.Yılmaz vurğulayıb ki, Türkiyə Azərbaycanda icra olunan
layihələrə bundan sonra da dəstək verməyə hazırdır. Təbii, bu, həm də
uzunmüddətli dövr üçün regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına
yönəlik mövqe kimi qiymətləndirilə bilər.

Məsələ burasındadır ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən
sonra regionda yeni mərhələnin əsası qoyulub. İndi bölgə üçün əsas
çağırışlardan biri regional əməkdaşlıq mühitinin təmin edilməsidir. Bunun üçün
isə iqtisadi əlaqələrin gücləndirilməsi şərtdir. O baxımdan, Türkiyənin
işğaldan azad olunmuş ərazilərə investisiya ayırması sadəcə, iki ölkə üçün
deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.

Bakı və Ankaranın bundan sonra da birlikdə, koordinasiyalı hərəkət edəcəyini
düşünmək olar. Ə.Əsədov Ankarada bu barədə açıq mesaj verib. C.Yılmazla həm də
44 günlük müharibənin nəticələrini müzakirə etdiklərini diqqətə çatdıran
Azərbaycan baş naziri bildirib ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan
sonra da davam etdirilməsində maraqlıdır.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Ə.Əsədov Prezident
İlham Əliyevin COP29-a rəsmi dəvət məktubunu Türkiyə liderinə təqdim edib.
Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi bu beynəlxalq əhəmiyyətli tədbirdə
Türkiyə dövlət başçısının iştirakı, əlbəttə, həm də böyük rəmzi məna daşıyır.
Nəzərə almaq lazımdır ki, artıq uzun illərdir, Azərbaycanda və Türkiyədə
keçirilən genişmiqyaslı tədbirlərdə liderlər əsas qonaq kimi iştirak edirlər.
Bu, Bakı ilə Ankaranın bütün səviyyələrdə və bütün hallarda bir-birinin yanında
olmasının göstəricisidir.

R.T.Ərdoğanın Ə.Əsədovla xüsusi müzakirə etdiyi mövzulardan biri də Cənubi
Qafqazdakı son durum idi. Türkiyə lideri diqqətə çatdırıb ki, Azərbaycanla
Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalı və regionda
sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və
iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyanın mayın
10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

O, nizamlama prosesinə birtərəfli və qərəzli kənar müdaxilələrin regionu
geosiyasi qarşıdurma meydanına çevirməsinin qarşısını almaq üçün Türkiyə ilə
Azərbaycanın sıx əməkdaşlığı davam etdirəcəyini, Ankaranın Bakıya bütün
sahələrdə dəstəyinin davamlı olacağını vurğulayıb.

Bölgədə sülhün təmin olunması üçün əsas maneələr artıq aradan qalxıb:
Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib, separatizmə son qoyulub,
delimitasiya prosesi başlayıb. Bütün bunların fonunda rəsmi İrəvanın
ritorikasında da pozitiv dəyişikliklər müşahidə olunur. Hazırda münasibətlərin
normallaşmasına əngəl yaradan əsas amillərdən biri üçüncü güclərin regiona
müdaxilə cəhdlərindən hələ də imtina etməmələridir. Bu baxımdan, Türkiyə
liderinin fikirləri xüsusi əhəmiyyətə malikdir. R.T.Ərdoğanın açıqlaması həm də
bölgəyə müdaxilə niyyətindən imtina etmək istəməyən güclərə açıq
xəbərdarlıqdır. O, bir daha yada saldı ki, Bakı qətiyyən tək deyil, Ankara da
regiondadır.

Beləliklə, deyə bilərik ki, Azərbaycan baş nazirinin Türkiyəyə səfəri kifayət
qədər uğurlu və məhsuldar olub. Bu, regionun iki ciddi aktoru arasında
əlaqələrin gələcəkdə daha da güclənməsinin zəruriliyini və mümkünlüyünü
göstərib.

“Report” İnformasiya Agentliyi

Source link