f9734612-575c-48d7-a420-aabe09b4d1e9..jpg

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azad Mirzəcanzadə inkişaf proqramına start verildi

Baxış sayı: 464 dəfə baxılıb.

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azad Mirzəcanzadə inkişaf
proqramına start verildi

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən akademik Azad
Mirzəcanzadə adına inkişaf proqramına start verildi.

Ölkəmizdə yeni təşəbbüs olan proqram elmi əsərləri, təşkilati, pedaqoji
fəaliyyəti, unikal tədris üslubu, həmçinin insanların istedadını aşkara
çıxarmaq bacarığı ilə fərqlənən görkəmli alimin elmi, ictimai proseslərə
özünəməxsus yanaşmaları əsasında həyata keçirilir.

Proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi,
aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı
gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin
üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.

Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları işçi qrupu
tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi
olması ilə seçilən ideyaların müəllifləri 2-ci mərhələdə iştirak imkanı
qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı
istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik
bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib
olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Proqrama qoşulmaq istəyənlər https://bitly.ws/VVKj
link vasitəsilə qeydiyyatdan keçərək, anket formasını doldurmalıdır.

18-35 yaş arası hər bir Azərbaycan vətəndaşı proqramda iştirak üçün müraciət
edə bilər. Layihə ideyalarının Azərbaycan dili ilə yanaşı, ingilis dilində də
təqdim olunması mümkündür.

Qeydiyyat 2023-cü cü ilin 25 oktyabr tarixinədək davam edəcək.

Əlavə məlumat üçün “Regional İnkişaf” İctimai Birliyinin “150” Çağrı Mərkəzi
ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, texniki elmlər doktoru, professor və Azərbaycanın Milli Elmlər
Akademiyasının həqiqi üzvü olmuş Azad Mirzəcanzadə 500-ə yaxın elmi məqalə və
50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə
və 100-dən çox elmlər doktoru hazırlanmışdır. Müxtəlif elmi ad və titullara
sahib olan görkəmli alim, Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə
təltif olunmuşdur.

Source link