ec4bbda4-84e0-400c-8470-99e63284d4b1.jpg

Regional sülh qapıda: Hələ də bunu həzm edə bilməyən qüvvələr var – “Kaspi”nin TƏHLİLİ

Baxış sayı: 198 dəfə baxılıb.

Kazanda İlham Əliyevlə Nikol Paşinyan arasında vasitəçilərsiz keçirilən görüş
sülhə doğru növbəti addım kimi qiymətləndirilə bilər. İki ölkənin xarici işlər
nazirlərinə sülh sazişi üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması
və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatın
verilməsi də bundan xəbər verir.

Azərbaycan və Ermənistan liderlərinin Kazanda XVI BRICS Sammiti çərçivəsində
keçirdikləri görüş əvvəlcədən anons edilməsə də, gözlənilən idi. Tərəflər artıq
bir müddətdir ki, yekun sülh müqaviləsinin imzalanması üçün işlərin böyük
həcminin tamamlandığını bəyan edirlər. Bakıda keçiriləcək COP29 yaxınlaşdıqca
həm hər iki ölkənin ictimai rəyində, həm də dünya mediasında tərəflər arasında
sülhün imzalanmasının məhz Azərbaycan paytaxtında keçiriləcək mötəbər tədbirə
təsadüf edəcəyinə dair ehtimallar irəli sürülür. Bir neçə gün öncə isə ABŞ
Prezidentinin dövlət başçılarına xüsusi məktubla müraciət etməsi və tərəfləri
yekun sülhə çağırması liderlərin mümkün görüşünün aktuallığına işarə idi.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Yekun sülhə doğru növbəti addım

BRICS+ sammitinin gedişində yanaşı oturan dövlət başçılarının nələrisə
müzakirə etmələri, ardınca dialoqa XİN rəhbərlərinin də qoşulmaları Bakı ilə
İrəvan arasında hansısa mövzular ətrafında son dəqiqləşdirmə işlərinin
aparıldığı təəssüratı yaradırdı. Tərəflərin pozitiv ünsiyyəti durumun fikir
ayrılıqlarından daha çox uzlaşma ilə müşayiət olunduğunun göstəricisi idi. Bir
qədər sonra Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın münasibətlərin
nizamlanmasına birbaşa məsul olan baş nazirlərin müavinləri, XİN rəhbərləri və
köməkçilərdən ibarət heyətlərlə görüşü ona dəlalət edir ki, liderlər konseptual
məqamlara dair yekdil rəyə gəliblər, ancaq detalların dəqiqləşdirilməsi üçün
son tapşırıqlarını verirlər. Niyə məhz son? Sualın cavabı görüşdən sonra
ictimaiyyət üçün yayılan məlumatdadır: İki ölkənin xarici işlər nazirlərinə
Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin
mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları
davam etdirmək barədə təlimat verilib.

Paşinyan Bakıya gələ bilərmi?

İctimaiyyət üçün verilən açıqlamadan görünür ki, tərəflər sülh müqaviləsilə
yanaşı, dövlətlər arasında münasibətlərin qurulması kimi mövzunun da
müzakirəsində sona çatmaq üzrədirlər. Müharibə etmiş dövlətlərin sülhə
gəlmələri hələ diplomatik münasibətlər qurmaları anlamına gəlməyə də bilər.
Tarixdə kifayət qədər belə hallar olub. Bu baxımdan, Dövlətlərarası
Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin intensivləşdirilməsi
tapşırığı özündə bir sıra elan edilməyən amilləri ehtiva edir. Söhbət
diplomatik təmasların qurulması, qarşılıqlı surətdə səfirliklərin fəaliyyətə
başlaması və bütün bunların da regional kommunikasiyaların açılması kimi
mürəkkəb və həssas prosesin detallarını tənzimləyəcəyindən gedir.

Bu prosedura tərəflər arasındakı ümumi sülh prosesi kontekstindən baxa
bilərik. Ancaq məsələyə bir qədər özəl yanaşsaq və nisbətən dar çərçivədə nəzər
yetirsək, ikitərəfli münasibətlərin tez bir zamanda qurulması üçün xüsusi
tapşırığın verilməsinin misal üçün, Paşinyanın Bakıda keçiriləcək COP29-a
qatılması üçün edildiyini proqnozlaşdıra bilərikmi? Bunu hər halda zaman
göstərəcək, ancaq həm Ermənistanın baş naziri, həm də ayrı-ayrı yüksəkrütbəli
rəsmilərin məsələ ilə bağlı açıqlamalarından İrəvanın COP29-da ən yüksək
səviyyədə təmsil oluna biləcəyinə dair ehtimalın kifayət qədər real olduğu hiss
edilir.

Liderlərin Kazan görüşünədək düşünmək olardı ki, Bakıya məsələn, Ermənistanın
baş naziri deyil, prezidenti gələ bilər. Ermənistan konstitusiyasına görə,
dövlətdə əsas söz sahibi baş nazirdir, ancaq prezident də prezidentdir. Onun
Bakıya gəlməsi rəsmi İrəvan tərəfindən sülhə doğru edilmiş bir jest ola
bilərdi. Ermənistan prezidenti Vaaqn Xaçatryan ölkələr arasında illərdir davam
edən gərginliklə bağlı radikal bəyanatlarla yadda qalmayıb, sülhə dair pozitiv
siqnallar verir, keçmişinin isə radikal qüvvələrlə, Azərbaycan ərazilərinin
işğalında iştirak etmiş şəxslərlə heç bir bağlılığı yoxdur. Bununla belə, Kazan
görüşü şahmat taxtasındakı vəziyyətə sürpriz korrektələr etdi. Odur ki, COP29-a
təşrif buyuran dövlət başçıları arasında Paşinyanın olacağını və yekun sülhün
də burada imzalanacağını istisna etmək olmaz.

ABŞ və Rusiya razı, Avropa narazı görünür

İkinci Qarabağ müharibəsinədək danışıqlarda vasitəçilik etmiş Minsk qrupu
üzvlərinin hazırkı duruma dair mövqeləri də ciddi maraq kəsb edir. ABŞ
Prezidenti Co Baydenin tərəflərin liderlərinə göndərdiyi xüsusi məktubun mətni
göstərir ki, Vaşinqtonda yekun sülhə tək ümid etmirlər, həm də inanırlar.
Baydenin məktubda həm Prezident İlham Əliyevi, həm də Paşinyanı sülh naminə son
addımı atmağa səsləməsi və hər cür dəstəyə hazır olduqlarını bildirməsini
Vaşinqtonun gözlənilməz səmimiliyi kimi qiymətləndirmək olar. Bu, artıq ayrı
məsələnin mövzusudur ki, Bayden administrasiyası niyə səmimiləşib və nə
səbəbdən tələsir. ABŞ-də tezliklə seçkilərdir və demokratlar üçün qaynar
çəlləyi xatırladan beynəlxalq aləmdə hansısa diplomatik uğura nail olma
görüntüsünü yaratmaq olduqca vacibdir. Ermənistanla Azərbaycan arasında sülh bu
baxımdan, ən real görünənidir.

Rusiya Prezidenti Vladimir Putinin sammitdəki çıxışında Azərbaycan-Ermənistan
arasında delimitasiya və demarkasiya amilini xüsusi vurğulaması onu göstərir
ki, mövcud vəziyyətdən Moskvada da razıdırlar. Ancaq Avropa, daha doğrusu, onu
təmsil edən Fransa barədə bunu demək çətindir. Bu ölkənin rəsmiləri və
qanunvericiləri fürsət düşən kimi Azərbaycanın ünvanına hədyanlar yağdırırlar,
təhdidlə çıxış edirlər. Avropa Parlamentində son günlərdə Bakıya qarşı sanksiya
hədə-qorxuları, bu istiqamətdə fransalı parlamentarilərin xüsusi canfəşanlıq
etmələri elə bir təəssürat yaradır ki, sanki Parisin Bakı barədə ritorikası
Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi imzalanandan sonra da
dəyişikliyə uğramayacaq. Belə görünür ki, Makron Fransası Azərbaycanda burnunun
ovulmasından və müstəmləkələrində uğradığı pərişanlıqlardan lazımi nəticəni
çıxarmaqda çətinik çəkir.

Source link