Regionun dollardan imtinası Azərbaycana nə vəd edir? - ŞƏRH

Regionun dollardan imtinası Azərbaycana nə vəd edir? – ŞƏRH

Baxış sayı: 2. 232 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı keçirilən brifinqdə qonşu dövlətin başçısı Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm bəyanatlar verdi. 

Gələcəkdə yeni layihələrin həyata keçiriləcəyi və iqtisadi sferada yerli və milli valyutaya keçid də bu qəbildən idi.

Qeyd edək ki, artıq İran və Türkiyə ikitərəfli ticarətin milli valyutalarla – rial və lirə ilə aparılması yönündə ötən ilin oktyabrında imzaladıqları müqavilənin icrasına başlayıblar. Rusiya da ticari hesablaşmalarda dollardan imtina edəcəyini dəfələrlə gündəmə gətirib.

Prosesin Azərbaycana təsirləri sual doğurur. 

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının lirə və yaxud manatla aparılması bir neçə dəfə gündəmə gətirilsə də, ötən müddətdə bu istiqamətdə razılığın əldə edilməsi mümkün olmayıb. 

İqtisadçı hesab edir ki, indiki məqamda Azərbaycan üçün milli valyutada ticarət əməliyyatlarının aparılması prioritet deyil. Çünki dollar dünya ticarətindəki dominant mövqeyini qoruyub-saxlayır:

“Region ölkələri üçün ticarət əməliyyatlarını bu valyutada aparmaq daha məqsədəuyğundur. Dollardan imtina ediləcəyi halda belə, digər valyutalarla idxal-ixrac əməliyyatlarının aparılması real görünmür. Dolları avro və yaxud digər dönərli valyuta əvəzləyə bilər”.

Türk lirəsinin son illər üzrə məzənnəsinə diqqət çəkən ekspert deyir ki, lirədə ciddi dəyişikliklər var:

“Xüsusilə, Türkiyədə siyasi faktorlar lirənin məzənnəsinə təsir edir. Məsələn, ABŞ-ın Türkiyəyə qarşı sanksiyası lirənin ucuzlaşmasına gətirib-çıxardı. Lirə stabil valyuta deyil. Bu səbəbdən lirə ilə alqı-satqı əməliyyatlarının aparılması strateji baxımdan gündəmdə deyil.

Başqa tərəfdən, xarici ticarət əməliyyatları milli valyutalarla aparılacağı təqdirdə, dollara ehtiyac var. Çünki milli valyutaların məzənnəsi birbaşa deyil, çarpaz müəyyənləşir. Hər iki valyutanın – lirə və manatın birbaşa məzənnəsi dollarladır”.

V.Bayramov deyir ki, konvertasiya yenə də dollar üzərindən həyata keçirildiyindən xarici ticarət milli valyutalarla aparılacağı təqdirdə belə, dolları sıxışdırmaq mümkün olmayacaq: 

“Türkiyə Azərbaycan, İran və Rusiya ilə ticarət hesablaşmalarının milli valyuta ilə aparılmasını təklif edir. Hesab edirəm ki, Türkiyə-Azərbaycan ticarət hesablaşmalarının milli valyuta ilə aparılması prosesi, qeyd olunduğu kimi, asan deyil.

Hesablaşmaların milli valyuta ilə aparılmasında əsas məqsəd xarici valyutaya tələbin azalmasına nail olmaqdır. Ancaq problem ondan ibarətdir ki, milli valyutaların birbaşa məzənnəsi müəyyənləşmir. Kommersiya üçün dollara ehtiyac yaranır. Milli valyuta ilə ticarət əlaqələri aparılsa belə, xarici valyutaya tələbin azalmasına gətirib-çıxarmayacaq.

Hazırkı şəraitdə ticarət əlaqələrinin dollarla aparılması daha məqsədəuyğundur. Çünki ölkənin valyuta ehtiyacları daha çox ixrac hesabına düzəlir. Ölkənin dövlət rezervlərinin artım tempi 2018-ci ilin birinci rübündə də qeydə alınıb.

İxracın dollarla həyata keçirilməsini nəzərə alsaq, Azərbaycan tərəfinin, Türkiyə daxil olmaqla, strateji tərəfdaşlarla ticarət əməliyyatlarını yalnız dollarla həyata keçirməsi daha məqbuldur”.

.
www.ÇıxışYolu.Com