Amerikalı müğənni Ar Kellinin qızı Buku Abi atasının cinsi zorakılığına məruz
qaldığını bildirib.
Cixisyolu.com-ın “The Rolling Stone”a istinadla verdiyi məlumata görə, həqiqət
“Karma: Qız övladının səyahəti” adlı sənədli serialda üzə çıxıb.
Filmdə ifaçının qızı Buku Abi (əsl adı Coan Kelli) xatirələrini bölüşüb. O
etiraf edib ki, atası ona səkkiz, ya doqquz yaşında olarkən təcavüzə başlayıb.
Qızın sözlərinə görə, gecə yarısı atasının toxunuşlarından oyanırdı.
“Nə edəcəyimi bilmirdim, buna görə də sadəcə uzanıb yatmış kimi davranırdım.
Kiməsə deməyə çox qorxurdum”, – deyə Buku xatırlayıb.
“O, mənim hər şeyim idi. Uzun müddət hətta bunun baş verdiyinə inanmaq
istəmirdim”, – deyə Buku Abi əlavə edib. O, hətta öz anasına da zorakılıq
haqqında danışmadığını qeyd edib.
Buku Abi ilk dəfə 10 yaşında olarkən anasına Ar Kellinin gecələr ona
toxunduğunu söyləməyə cəsarət edib.
“Bu millisaniyə bütün həyatımı və kim olduğumu tamamilə dəyişdi”, – deyə qız
hisslərini bölüşüb.
O izah etdi ki, anası ilə söhbətdən sonra nə o, nə də qardaşı və bacısı bir
daha atalarının evinə getməyiblər (atası ilə anası boşanmışdı). Qadın daha
əvvəl polisə şikayət edib. O zaman musiqiçi cəzadan yayınıb: ona qarşı ittiham
irəli sürmək üçün kifayət qədər sübut olmayıb.
“İndiyədək də bunun əziyyətini çəkirəm”, – deyə Buku Abi etiraf edib.
Müğənninin vəkili Cennifer Bonjan Buku Abinin ittihamlarını etibarsız hesab
edir. O qeyd edib ki, serialın yaradıcıları bu təhqiredici iddiaları təkzib
etmək üçün Ar Kelli ilə əlaqə saxlamayıblar.
Bonjan Kellinin keçmiş həyat yoldaşının illər əvvəl müğənniyə qarşı eyni
ittihamı irəli sürdüyünü təsdiqləyib və bildirib ki, bundan sonra İllinoys
ştatının Uşaq və Ailə İşləri Departamenti araşdırma aparıb və onun iddialarını
əsassız hesab edib.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Ar Kelli yeniyetmələrlə cinsi
əlaqədə ittiham olunan bir neçə işdən xilas ola bilib. 2008-ci ildə musiqiçi
İllinoysda uşaq pornoqrafiyasının yayılmasında ittiham olunaraq məhkəmə
qarşısına çıxsa da bəraət alıb. Ancaq üçüncü dəfə ittihamlardan canını qurtara
bilmir: 2022-ci ilin iyununda məhkəmə Ar Kellini cinsi istismar məqsədilə insan
alverinə görə30 il azadlıqdan məhrum edib
.