b7126d5f-1c1d-4373-972c-ec39817e2aec..jpg

Repressiya dövründə xalqın danışan dili olan söz xiridarı – Əliağa Vahid

Baxış sayı: 2. 945 dəfə baxılıb.

Repressiya dövründə xalqın danışan dili olan söz xiridarı – Əliağa Vahid

Bu gün Azərbaycan şairi, qəzəlxanı, meyxanaçı, Azərbaycan SSR Əməkdar
incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 128-ci ildönümüdür.

Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 17 fevral 1895-ci ildə Bakı
şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən
təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı
“Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa
şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai
nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. İlk kitabının adı “Tamahın
nəticəsi” olub.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat
sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə
yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazıb, “Kommunist”
qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Onun “Kupletlər” (1924),
“Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira
atəşinə tutulurlar. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş
qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət,
düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl
janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi
və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Əliağa
Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan
dilinə tərcümə edib.

44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi
“Vətən yaxşıdır” mahnısının sözləri də Əliağa Vahidə məxsusdur.

Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki düşkünü
kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova repressiya ilə
bağlı bir siyahı veriblər. Vahidin də adı orada olub. Mircəfər Bağırov Əliağa
Vahidin adının üstündən xətt çəkib ki, bu, əyyaşdır, ondan bizə nə ziyan
gələcək? Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı
Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırıb, ona
1951-ci ildə ikiotaqlı mənzil verib.

Şair 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir
zamanı İçərişəhərə köçürülüb.

Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əliağa Vahid
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin
siyahısına daxil edilib.

Source link