6dd0b2fa-66d6-448f-911c-470b2cd0e0cf..jpg

“Respondentlərin 74,2 faizi Ordumuzun apardığı antiterror tədbirlərini mütəmadi olaraq izləyir” – SORĞU

Baxış sayı: 623 dəfə baxılıb.

“Respondentlərin 74,2 faizi Ordumuzun apardığı antiterror tədbirlərini
mütəmadi olaraq izləyir” – SORĞU

Respondentlərin 74,2%-i Azərbaycan Ordusunun apardığı antiterror tədbirlərini
mütəmadi olaraq izləyir.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun
nəticəsində məlum olub.

Bildirilib ki, 24,0%-i müəyyən fasilələrlə izlədiyini, iştirakçıların cəmi
1,8%-i bu barədə məlumatları izləmədiyini ifadə edib.

Sorğu nəticələrinin respondentlərin sosial-demoqrafik xüsusiyyətlərinə görə
təhlili, bu barədə rəylərin gender bölgüsünə, yaş qrupuna və digər parametrlərə
görə fərqləndiyini göstərib. İştirakçılar arasında kişilərin 80,4%-i,
qadınların 67,9%-i antiterror tədbirləri ilə bağlı məlumatları mütəmadi
izlədiyini bildirib.

Həmçinin yaş artdıqca bu barədə məlumatları mütəmadi izlədiyini bildirənlərin
sayında artım qeydə alınıb.

İctimai rəy keçirilmiş antiterror tədbirlərinin təhlükəsizliyin təmin
edilməsi, suverenliyin bərpa olunması, separatçılıq siyasətinin qarşısının
alınması kimi müxtəlif istiqamətli nəticələr doğurduğunu təsdiqləyib. Bununla
belə, nəticələrlə bağlı məlumatların proseslərin gedişatına uyğun olaraq
tədricən ictimailəşməsi və informasiya mühitinin dinamikası ictimai rəyə
təsirsiz ötüşmür və hazırkı nəticələr situativ xarakter daşıyır.

Sorğunun nəticələrinə görə, respondentlərin 78,3%-i antiterror tədbirləri
nəticəsində Qarabağdakı erməni silahlı qüvvələrinin təslim və tərksilah
edildiyi mövqeyini təsdiqləyib.

Sorğuda iştirak edənlərin 70,3%-i Azərbaycanın erməni silahlı qüvvələrinin
mövcud olduğu Xankəndi və ətraf ərazilər üzərində öz suverenliyini bərpa
etdiyini bildirib.

İştirakçıların 69,0%-i Qarabağdakı qondarma siyasi rejim və qurumların ləğv
olunduğu fikri ilə razılaşıb.

Respondentlərin 63,3%-i Qarabağda təhlükəsizliyin təmin olunduğu mövqeyini
bölüşüb.

60,5% hərbi əməliyyatlar nəticəsində Qərb ölkələrinin, dünya ermənilərinin
separatçılıq siyasətinin qarşısının alındığını ifadə edib.

Cəmiyyətin antiterror tədbirlərinə diqqətini və prosesə həssas yanaşmasını
nəzərə aldıqda, hərbi əməliyyatların öz nəticələri baxımından ictimai
gözləntiləri nə dərəcədə doğrultması aktuallıq kəsb edir.

Rəy sorğusunda iştirak edənlərin 75,8%-i antiterror tədbirlərinin tam
gözlədiyi kimi, 16,6%-i əsasən gözlədiyi kimi yekunlaşdığını ifadə edib.
Respondentlərin ümumilikdə 4,8%-i hərbi əməliyyatların öz nəticələri baxımından
gözləntilərini doğrultmadığını bildirib. Onların 2,8%-i bu barədə fikir
bildirməkdə çətinlik çəkib.

Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26-30 sentyabr
tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında
keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi
ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı
qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri
müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək
zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl sorğu götürən şəxslər
təlimatlandırılıblar. Respondentlərə sorğunun könüllü iştirak əsasında
aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı
barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına
əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Source link