a557914d-783c-450f-895e-fd5410472f28..jpg

Respublika Kinematoqrafçılar İttifaqında kütləvi İSTEFA

Baxış sayı: 726 dəfə baxılıb.

Respublika Kinematoqrafçılar İttifaqında kütləvi İSTEFA

Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib.

İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina
etdiyi deyilir. Onların arasında Xalq artisti Əbdül Mahmudov, Xalq artisti
Ramiz Məlikov, Əməkdar incəsənət xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad
Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.

APA sözügedən şəxslərlə əlaqə saxlayaraq, üzvlükdən imtina səbəblərini öyrənib.

Xalq yazıçısı Natiq Rəsulzadə üzvlükdən imtina etmək məsələsinin çoxdan
olduğunu deyib:

“Mən o üzvlükdən çoxdan imtina etmişəm. Çünki bir Xalq yazıçısı olaraq, məni
nə katibliyə, nə də rəhbərliyə saldılar. Bu, hesab edirəm ki, doğru deyil,
haqsız yanaşmadır. Bilirsiniz, mən hansısa qurumdan çıxanda qapını çırpmıram.
Səs-küyü sevmirəm. Bu qədər adam üzvlükdən imtina edibsə, demək, burada nəsə
var. Mən, ümumiyyətlə, 5-6 ildir, ora ilə əlaqəni kəsmişəm”.

Xalq artisti Ənvər Həsənov ittifaqın heç bir funksionallığının olmadığını əsas
gətirib.

“O ittifaq, ümumiyyətlə, niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə
edib, mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə
yardım üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da
ayrılmamışdı. Hamısı yalandır”.

Xalq artisti Tariyel Qasımov da üzvlükdən imtina edənlər arasındadır:

“Mən Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun
yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Amma bu, mənə
deyilməyib. Təsəvvür edirsiniz? Şəfiqə Məmmədova bunu məndən gizlədib. Düzdür,
bir gün qalmış xəbər tutdum, bir təhər getdim, amma edilən hərəkətə heç bir ad
verə bilmədim. Bundan sonra artıq üzvlükdən imtina etdim. Mən seçki prosesində
də olmamışam. Şəfiqə Məmmədova yenidən necə, harada sədr seçilib, bilmirəm, mən
onu seçməmişəm, seçmək fikrim də olmayıb”.

İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova ilə əlaqə saxlamağa
çalışsaq da, zənglərimizə cavab verilmədi.

Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də
ittifaqdan və ittifaqın mətbuat katibi vəzifəsindən ayrıldığını bildirmişdi.

Source link