f3cff0b5-927b-4208-88bb-ff970e8ebd94..jpg

Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 933 dəfə baxılıb.

Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” – MÜSAHİBƏ
+ FOTO

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva peşəkar karyerasına 2007-ci ildə
ölkəsi Braziliyanın “Nautiko” klubunda başlayıb.

Orada bir mövsüm oynadıqdan sonra Avropaya yollanan sabiq hücumçu Belçikada
“Anderlext”, “Serkl Brügge” və “Vesterlo”nun formasını geyinib.

2013-cü ilin əvvəlində keçdiyi “Qarabağ”da 4 il çıxış edən Reynaldo 2018/2019
mövsümünün ikinci yarısını yenidən Azərbaycan klubunda keçirib. 34 yaşlı
“sambaçı” 2021-ci ildə karyerasını başa vurub.

“Qarabağ”la 4 dəfə Azərbaycan çempionatının, 2 dəfə isə ölkə kubokunun qalibi
olan Reynaldo Silva “Report”un suallarını cavablandırıb:

– Sabiq komandanız “Qarabağ” qış fasiləsində həmyerliniz Kadi Borgesi Rusiya
klubu “Krasnodar”a satdı. Bunu necə qarşıladınız?

– Əminəm ki, azarkeşlər bu transferə görə iki qrupa bölünüblər. Bir qrup
düşünür ki, mövsümün gedişində aparıcı oyunçunu satmaq risklidir. Digər hissə
isə satışdan əldə olunan gəlirin vacib olduğunu düşünür. Bu mənada hər ikisinin
özünə görə haqlı olduğunu deyə bilərəm. Kadi “Qarabağ”ın gücünə güc qatan
futbolçu idi. Gedişi istər-istəməz təsir göstərəcək. Ancaq digər tərəfdən,
qazanılan pulla ən azı Kadi səviyyəsində oyunçu almaq olar.

– Qış fasiləsində belə futbolçu tapmaq çətin olmayacaq?

– Yadınızdadırsa, mən özüm də ilk dəfə “Qarabağ”a yanvarda keçmişdim. Yəqin
zəif olmamışam ki, hələ də azarkeşlər mesajlar yazırlar, gözəl sözlər deyirlər.
Nə qədər çətin olsa da, əminəm ki, Qurban Qurbanov bir yolunu tapıb bu boşluğu
dolduracaq. Çünki indiyə qədər “Qarabağ”ı çox sayda aparıcı futbolçu tərk edib.
Buna baxmayaraq, Qurbanov nə edirsə, komanda zəifləmək əvəzinə güclənir. Orada
adlar yox, sistem əsas rol oynayır.

– Deyəsən “Qarabağ”ın oyunlarını izləyirsiniz…

– Əlbəttə ki, izləyirəm. Sosial şəbəkədə də tez-tez “Qarabağ”la bağlı
paylaşımlar edirəm. Çünki bu klubu, Azərbaycanı çox sevirəm. Bu mövsüm
“Qarabağ”ın Avropa Liqasındakı bütün qrup oyunlarına baxmışam. Kadi və ya başqa
bir oyunçu olmasaydı belə, onlar bu uğurlu çıxışı göstərəcəkdilər.

– “Qarabağ” Avropa Liqasında qrup üçüncüsü kimi Konfrans Liqasının
pley-offunda iştirak hüququ qazandı. Buradakı şanslarını necə görürsünüz?

– Qrupda üçüncü yeri tutsalar da, yüksək səviyyədə oyunlar nümayiş etdirdilər.
Bir az bəxtsizlik, bir az da haqsızlıq komandanın Avropa Liqasında növbəti
mərhələyə adlamasına imkan vermədi. Yenə də inanıram ki, bu cür oyunla Konfrans
Liqasında irəliləyə bilərlər.

– Pley-off mərhələsindəki rəqib Belçika klubu “Gent” olacaq. Bu cütlükdə hansı
komandanı favorit sayırsınız?

– Vaxtilə Belçikada oynadığım üçün oradakı futbolu bilirəm. “Qarabağ” güclü
rəqiblə üz-üzə gələcək. Ancaq bu oyunlarda ürəyim Azərbaycan komandası ilə
olacaq. Düzdür, kuboku qazanmaq çox çətin görünür. Amma hesab edirəm ki,
“Qarabağ” bu turnirdə finala yüksələ bilər.

– “Latsio”, “Fiorentina”, “Anderlext”, “Vest Hem” və “Vilyarreal” kimi
klubların iştirak etdiyi turnirdə finala yüksəlmək möcüzə olmaz?

– Niyə möcüzə olsun? “Qarabağ” oyun üslubu və keyfiyyəti ilə artıq Avropanın
ortabab klubu sayılır. “Anderlext” mənim keçmiş komandamdır. Onlar indi əvvəlki
güclərindən uzaqdırlar. Məncə, digərləri də ilk növbədə öz çempionatlarında
vəziyyətini yaxşılaşdırma çalışacaqlar. “Qarabağ”ın kifayət qədər avrokubok
təcrübəsi var. Bu komandanın gələn mövsüm də Çempionlar Liqasının qrupunda
oynamasını arzulayıram.

– “Gent”lə oyunu izləmək üçün Bakıya gəlməyi düşünmürsünüz?

– Açığı, belə bir fikrim var. Həmin matçı izləmək üçün övladımla birlikdə
yenidən Bakıya gəlməyi çox istəyirəm. Gəlsəm, məni dəstəkləyən azarkeşlərlə,
“Qarabağ”da çox sevdiyim insanlarla mütləq görüşəcəyəm. Azarkeşlərdən, klub
rəhbərliyindən, məşqçilərdən, keçmiş komanda yoldaşlarımdan, bir sözlə,
Azərbaycandan ötrü darıxmışam. Orada olduğum müddətdə hər kəsdən xoş münasibət
gördüm, mənə Bakını sevdirdilər. Həmişə də demişəm ki, Azərbaycan mənim ikinci
vətənimdir.

Source link