Riad Məmmədov: “Bütün dünyaya muğamdan söhbət açmaq mənim üçün vacibdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış pianoçu Riad Məmmədov Moskvada konsertlə çıxış edib.
Moskvada “Zotov” mərkəzində caz-muğam axşamı təşkil olunub. Fortepiano (Riad
Məmmədov) və kontrabasda (Sergey Korçagin) caz standartları, eləcə də Riad
Məmmədovun muğam ladlarında bəstələnmiş şəxsi fortepiano pyesləri səsləndirilib.
Riad Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, konsert böyük
müvəffəqiyyətlə və gözəl ab-havada keçib. Konsertdən sonra tamaşaçılar
pianoçuya yaxınlaşaraq, ona təbriklərini və xoş arzularını çatdırıblar.
“Zalda çox gözəl qarşılıqlı təmas vardı. İnsanların bu cür münasibətindən
mütəəssir oldum. Ayrıca olaraq, onların səhnəsində çıxışa dəvət aldığıma və bu
konstruktivizm məkanı üçün layihə yaratmaq fürsətinə görə “Zotov” mərkəzinə
minnətdarlığımı bildirmək istəyirəm. Öz növbəmdə, bütün komandaya da böyük
təşəkkürümü çatdırıram”, – deyə o qeyd edib.
Pianoçu və bəstəkar Riad Məmmədov klassik akademik repertuardan əsərlər ifa
edir, Rusiyada və digər ölkələrdə özünün səhnə və elmi maraq sahələri olan
caz-muğam cərəyanını inkişaf etdirir.
“Cəsarətlə demək olar ki, hazırda muğam Rusiyada müstəqil layihəyə çevrilib.
O, daha yalnız hansısa rəsmi tədbirlərlə assosiasiya olunmur. Bu, mənim öz
ansamblım ilə, mənə inanan insanlarla ərsəyə gətirdiyim nəhəng işdir. Bu yol
onilliklərə bərabər zaman kəsiyidir. Biz bu layihəyə yeni addımlar atanda
tamaşaçının praktik olaraq muğam haqqında təsəvvürü yox idi. Bu janr haqqında
konsert zalları, media xəbərsiz idi. Bizim irəliləyişimizə az adam kömək edə
bilərdi. Lakin biz kiçik addımlarla irəliyə doğru hərəkət etdik və əlimizdən
gələni etdik ki, bu muğam hər bir məkanda səslənsin və onun haqqında hər kəs
bilsin”, – deyə musiqiçi bildirib.
Riad Məmmədov və onun komandasının səyləri sayəsində muğam layihələri nəinki
Moskvada, həm də bütün Rusiyada tanınır.
O deyib: “Ötən ilin sentyabrında məni Krasnoyarska, “Asiya-Sibir-Avropa”
Beynəlxalq kamera-orkestr musiqisi festivalına onlara orkestr, fortepiano və
tar üçün muğam süitası yazmağa dəvət etmişdilər. Festival, həmçinin Bakıdan
mənim dostum və gözəl musiqiçi Əliağa Sədiyevi (tarzən, Azərbaycanın Əməkdar
artisti) dəvət etmişdi və biz dünya premyerasını ifa etdik. Ondan əvvəl mən
Novosibirskdə caz festivalında muğamı böyük müvəffəqiyyətlə təqdim etmişdim.
Oraya mən Ehtiram Hüseynov (xanəndə), Əliağa Sədiyev (tar) və Kamran Kərimovun
(nağara) solistliyi və caz triomuzla caz-muğam layihəmi aparmışdım. Bundan
başqa, bizi muğam layihələrimizlə Sankt-Peterburqa, Permə, Nijni Novqoroda
dəvət edirlər. Mən, həmçinin “Qorkiy Fest” kinofestivalı çərçivəsində caz-muğam
konsertində çıxış etmişəm. Konsertdən əldə olunan vəsait Konstantin Xabenski
Xeyriyyə Fonduna köçürülüb”.
Xatırladaq ki, Riad Məmmədov Moskva Konservatoriyasını və aspiranturanı
fortepiano ixtisası üzrə, eləcə də nəzəri aspiranturanı musiqişünas kimi
bitirib. O, öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi
cərəyanlarını birləşdirir.
“Janrların birləşməsi ölkələr və xalqlar arasında mədəni əlaqələrin
inkişafında böyük rol oynayır. Bu, ənənələrin və dəyərlərin, məktəblərin,
mədəniyyətlərin daimi mübadiləsidir. Bu, çox mühümdür. Mən Azərbaycana gələndə
əksər hallarda rus fortepiano musiqisini, Rusiyada isə Azərbaycan musiqisini
ifa edirəm. Əlbəttə, janrları birləşdirmək çətindir. Bu layihələri inkişaf
etdirmək də çox çətindir”, – deyə həmsöhbətimiz vurğulayıb.
Riad Məmmədov muğamı fövqəljanr adlandırır və bütün dünyanın bu janr haqqında
öyrənməsinə səy göstərir:
“Mən şadam ki, Rusiyanın konsert zalları və festivalları muğamı inanılmaz
dərəcədə dəstəkləyir. Onlar elə lap əvvəldən dəstəkləyiblər. Mən Azərbaycan
musiqi sənətinə bu cür etimaddan çox məmnunam. Lakin biz irəli getdikcə, mən
daha çox layihələr haqqında fikirləşirəm. Bundan ötrü isə əlbəttə böyük dəstək
lazımdır. Çünki özəl təşəbbüslər heç də həmişə kifayət etmir… Muğam janr
asılılığından kənara çıxır. Burada sərt forma daxilində improvizə və parlaq
bədii hissə mövcuddur. Bu ifadəlilik, musiqi və improvizə vasitələri birlikdə,
üstəlik də hər ifanın təkrarsızlığı muğamı unikal edir. Nəticədə qeyri-adi
qarışıq əmələ gəlir, bu, o dərəcə inandırıcı və o dərəcə qədimiliyə, tarixə,
mədəniyyətə gedib çıxır ki, bu janrın hər cür ifası hansısa yeni üfüqlər açır”,
– deyə musiqiçi qeyd edib.