Riad Rəfiyev: Samir Abbasovla hələ danışığımız olmayıb

Riad Rəfiyev: Samir Abbasovla hələ danışığımız olmayıb

Baxış sayı: 2. 493 dəfə baxılıb.

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev evdə “Zirə”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra brifinq keçirib.

ÇıxışYolu.Com həmin müsahibəni təqdim edir:

– Baş məşqçi Samir Abbasov bugünkü məğlubiyyətdən sonra istefa verdiyini açıqladı. İstefanı qəbul edəcəksiniz?

– Samir müəllimin müqaviləsi mayın 31-də bitəcək. Oyundan sonra onunla danışığımız olmayıb. Bu gün görüşərək, hər şeyi dəqiqləşdirəcəyik. Bu barədə sizin də məlumatınız olacaq.

– Bəs siz nə düşünürsünüz: Abbasovla yola davam etmək, yoxsa özünüz də hansısa qərara gəlmisiniz?

– Samir Abbasovun rəhbərliyi altında “Sumqayıt” gözəl oyun sərgiləyir. Son 4 matçı nəzərə almasaq, nəticələrimiz də olub. Təəssüf ki, komandada eniş ən pis vaxtda – çempionatın sonlarında oldu. Bu da bütün planlarımızı pozdu. Amma mövsümün əvvəllərində heç kim Abbasovdan nəticə – avrokuboklara vəsiqə tələb etməmişdi. Yenə deyirəm: Abbasovla bu gün görüşüb-danışacağıq. Oyundan dərhal sonra özü ilə söhbətimiz olmayıb.

– Futbolçularınızın “elçi daşları”nın üstündə xeyli “elçi” var. Bu komandanı qorumaq çətin olmayacaq və ya yeni komanda formalaşdırmağı düşünürsünüz?

– Futbolçularımızı istəyirlərsə, bu, normal haldır. Çünki “Sumqayıt” mövsümün ən gözəl oyun sərgiləyən komandalarından biri idi. Bəli, futbolçularımızın çoxunun müqaviləsi başa çatır. Əlbəttə, biz təklifimizi irəli sürəcək, danışıqlar aparacağıq. İstəyirik ki, qalsınlar. Əlbəttə, bundan da güclü heyət formalaşdırmalıyıq ki, gələn mövsüm baş məşqçinin, futbolçuların qarşısında avrokuboklara vəsiqə məqsədi qoyaq. Artıq qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq lazımdır.

– Samir Abbasov qərarını dəyişməsə, B variantı var?

– Oyunlara baş məşqçisiz çıxmayacağıq ki?! Əlbəttə, komandanın baş məşqçisi olacaq. Bu, Samir Abbasov, yoxsa başqası olacaq – indi heç nə deyə bilmərəm. Çünki Abbasovla görüşümüz olmayıb. Komandanın öz baş məşqçisi olacaq.

– Samir Abbasovu ən çox narazı salan “Sumqayıt”ın strategiyasıdır. Abbasov bu şəhərə bu komandanı yaraşdırmır. Deyir ki, istədiyim futbolçular alınmır, bura reabilitasiya mərkəzi deyil…

– İlk gündən klubun strategiyası bəllidir: Burda yerli futbolçular oynayacaqlar. Reallıq budur. İşləməli, nəticə verməli, irəli getməliyik.

– Yəni “Sumqayıt”da legionerlər olmayacaq və bu siyasət davam edir…

– Hazırda vəziyyət belədir. Qarşımıza qoyulan siyasətlə davam edirik.

S.T.
www.ÇıxışYolu.Com