cc470ccb-89c9-4bf3-a267-a6d2bac01fff..jpg

Riçard Tempest: “Azərbaycanın mövqeyi ABŞ üçün çox şey ifadə edəcək” – MÜSAHİBƏ

Baxış sayı: 570 dəfə baxılıb.

Riçard Tempest: “Azərbaycanın mövqeyi ABŞ üçün çox şey ifadə edəcək” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ tarixinin heç də ən yaxşı dövrünü keçirmir. Ölkənin dövlət borcu
astronomik – 34 trilyon dollara çatıb və artmaqda davam edir. ABŞ-nin maliyyə
naziri Canet Yellen artıq dövlət borcunun miqyasını qorxulu adlandırıb, düzdür,
sonradan əlavə edib ki, milli borc nəzarət altındadır.

Bunun fonunda miqrasiya və daxili siyasi böhran güclənir. ABŞ-nin 26 ştatının
baş prokurorları Ağ Evlə münaqişədə Texası dəstəkləyiblər. Yada salaq ki, daha
əvvəl ABŞ-nin Ali Məhkəməsi ABŞ-Meksika sərhədindəki məftil hasarın
götürülməsini tələb edən Prezident Co Bayden administrasiyasının tərəfini tutsa
da, yerli hakimiyyət bu tələbi yerinə yetirməkdən imtina edib və daha çox
maneələr quraşdırmağa başlayıb.

ABŞ-li analitik, İllinoys Universitetinin professoru Riçard Tempest vəziyyəti
Cixisyolu.com-a şərh edib.

– ABŞ-nin maliyyə naziri Canet Yellenin nəzarət altında olan qorxunc dövlət
borcu ilə bağlı açıqlamasından başlayaq.

– Bəyanata iki cür yanaşmaq lazımdır. Bir tərəfdən, o, maliyyə sahəsində çox
bacarıqlı bir insandır. Lakin digər tərəfdən, o, həm də siyasi funksiyaları
yerinə yetirir, administrasiyanın maliyyə siyasətini ən əlverişli şəkildə
təqdim etməyə çalışır. Buna görə də o, haqlı olaraq ABŞ-nin nəhəng borcundan
danışır. 34 trilyon dollar təsəvvürəgəlməz məbləğdir. Hər şeyin nəzarət altında
olduğunu deyəndə isə o artıq siyasi fiqur kimi çıxış edir.

– Belə çətin maliyyə vəziyyəti fonunda daxili siyasi miqrasiya böhranı
başladı…

– Respublikaçılar Partiyasının nümayəndələri Meksika ilə sərhəddəki vəziyyəti
daim tənqid edirlər. Bu, respublikaçılar üçün siyasi baxımdan uduşlu kartdır və
hazırda Senatda demokratlar və respublikaçılar arasında danışıqlara müdaxilə
edən və büdcə kompromisinə nail olmağa çalışan keçmiş prezident Donald Tramp da
onu yaxşı bilir. Buraya Ukrayna, İsrail və ABŞ-nin digər müttəfiqləri və
müştərilərinə yardım, cənub sərhədindəki böhran və əsasən, Mərkəzi və Cənubi
Amerikadan olan miqrantların, demək olar ki, nəzarətsiz sızmasını
məhdudlaşdıran ikitərəfli razılaşma daxildir.

İlk prezidentlik kampaniyasında miqrasiya və cəmiyyətdəki demoqrafik
dəyişikliklərlə bağlı sərt bəyanatlar səsləndirən Tramp üçün bu mövzu yenə də
uduşludur. Tramp instinktiv siyasətçidir, populistdir, həmişə tərəfdarlarını
narahat etdiyini hiss edir.

Ancaq vəziyyət, həqiqətən, böhranlıdır. Birləşmiş Ştatlar cənub sərhədlərinə
nəzarət edə bilmir və bu, narahatlıq yaradır. Çikaqoda polis bölmələri evsiz
miqrantlar üçün sığınacaq kimi fəaliyyət göstərir. Burada hər iki tərəfdə
kəskin ədalətsizlik hissi var. ABŞ-də haqsızlıqdan və təqiblərdən qaçan
insanların qeyri-müəyyən statusa malik olmasından qəzəblənən liberal
vətəndaşlar var. Digər tərəfdən, çoxlu evsiz ABŞ-lilər var ki, onların pulsuz
tibbi xidmət almaq, bələdiyyə hesabına hoteldə qalmaq, hətta polis bölməsində
gecələmək hüququ yoxdur.

– Deyə bilərikmi ki, ABŞ-lilər üçün daxili məsələlər qlobal problemlərdən daha
vacib olub və ya olacaq?

– ABŞ-lilər artıq daxili problemlərin daha vacib olduğunu anlayıblar. Əhalinin
əhəmiyyətli bir hissəsi üçün Birləşmiş Ştatlar müəyyən dərəcədə dünyanın qalan
hissəsindən təcrid olunmuş, özünə qapanmış aləm, Yeni Dünya kimi görünür. Ona
görə də xarici qıcıqlandırıcılar bu ABŞ dünyasını zəbt edəndə, məsələn, 2001-ci
ilin 11 sentyabrını (o vaxt ABŞ-də silsilə irimiqyaslı terror aktları baş
vermişdi – red.) yada salaq, ABŞ-lilər böyük sarsıntı yaşayırlar.

Hazırkı demokrat administrasiyası kifayət qədər səriştəlidir, lakin onun
rəhbəri (Co Bayden) daxili siyasətdə həlledici lider kimi qəbul edilmir.

Respublikaçılara gəlincə, partiyanın tərəfdarlarının təxminən üçdəbiri hələ də
Donald Trampı rədd edir, lakin o, sadiq izləyiciləri olan çox xarizmatik
liderdir. Respublikaçılar Partiyası praymerizlər – ilkin seçki keçirir və mən
deyərdim ki, Trampın lider olmasına baxmayaraq, prezidentliyə namizədlik
uğrunda mübarizə hələ qabaqdadır.

Hər halda, hazırda ABŞ prezidentliyinə ən çox ehtimal olunan iki namizəd – Co
Bayden və Donald Tramp -kifayət qədər qocadır. Birinin 80-dən yuxarı, digərinin
isə 80-ə yaxın yaşı var. Həm səhhətləri yaxşı deyil, həm reallığı qəbul etməkdə
problemləri var. Bu, narahatlıq yaradır. Prezidentlik uğrunda mübarizəni iki
tısbağanın yarışı adlandırmaq olar.

– Bu arada, sorğulara görə, Tramp Baydeni qabaqlayır, bu da eks-prezidentin
yenidən seçilmək şansının daha yüksək olduğunu göstərir.

– Mən həmişə proqnoz verməkdən çəkinirəm. Əksər sadə ABŞ-lilər üçün seçki
kampaniyası o qədər də vacib deyil. Bunu seçkilərlə peşəkar şəkildə məşğul
olanlar – siyasətçilər, sosioloqlar, siyasi strateqlər, analitiklər və s.
diqqətlə izləyirlər. Onlar üçün Tramp hələ də şərti namizəddir. Prezident
seçkisi kampaniyası başlayanda, mənə elə gəlir ki, Trampın dörd illik
hakimiyyətini xatırlayan əhalinin bir hissəsi onu qəbul etməyə bilər. Çünki
həmin zamanlarda da müxtəlif xarakterli münaqişələr baş verirdi.

Demək olar ki, bütün demokratlar Baydenə səs verəcəklər. Lakin
respublikaçıların əhəmiyyətli bir hissəsi Trampı öz partiyaları və hətta bütün
ölkə üçün təhlükəli hesab etdiyi üçün yenidən prezident kimi görməyə hazır
deyil.

Həmçinin, müstəqil namizədlər təbəqəsi var ki, onları bu və ya digər namizədə
səs verməyə inandırmaq lazımdır. Deməli, hələ hər şey qərarlaşdırılmayıb. Ancaq
mənə elə gəlir ki, Baydenin şansı hələ də Trampın şansından bir qədər yüksəkdir.

– Baydenin dövründə ABŞ Əfqanıstandan çıxdı. Bu da ABŞ-lilərə ölkənin 1975-ci
ildə Vyetnam müharibəsi zamanı Sayqondan çıxmasını xatırlatdı. Hazırda ABŞ
qoşunlarının İraqdan çıxarılması müzakirə olunur. Ukraynada müharibə artıq iki
ildir ki, davam edir və ABŞ-nin böyük köməyinə baxmayaraq, vəziyyət mövqe
qarşıdurmasına çevrilib, qələbə yoxdur. İndi isə Ukrayna ABŞ-dən heç bir yardım
almır. ABŞ-nin demokrat administrasiyasının Cənubi Qafqazdakı siyasəti isə
Vaşinqtonla Bakı arasında gərginliyə səbəb olub. ABŞ administrasiyasının
açıq-aşkar xarici siyasətdə uğursuzluqları var, lakin ABŞ-lilər bunları
görürlərmi?

– Əslində, ABŞ-liləri dünyada baş verən hadisələr o qədər də maraqlandırmır,
bu haqda danışmışıq. Bayden administrasiyasının xarici siyasəti kifayət qədər
səriştəlidir, mən öz sözlərimdən dönmürəm. Bir tərəfdən, trampçılarla
obamaçılar və baydençilər arasında müəyyən konsensus var. Məğz ondan ibarətdir
ki, hamı ABŞ-nin Yaxın Şərqdəki fəaliyyətindən əl çəkməyə çalışır.

Əfqanıstan və İraqla bağlı ümumi fikir var ki, Əfqanıstan və İraq
kampaniyaları səhv olub, o qədər də bacarıqla aparılmayıb. Siyasətçilərin və
onların seçicilərinin beynində bu cür nəticələr olanda isə bu qərarları
düzəltmək yox, onları unutdurmaq cəhdi olur.

İndi Cənubi Qafqaz və Azərbaycanla Ermənistan arasında münasibətlər haqqında.
Unutmaq olmaz ki, Azərbaycanın ABŞ-də Ermənistanın öz lobbisi sayəsində malik
olduğu qədər güclü siyasi varlığı yoxdur. Düzdür, Ermənistanın özü də bu
üstünlükdən çox məharətlə istifadə etmədi. Bununla belə, ABŞ Konqresində erməni
tərəfinin konqresmenlərin düşüncə və hərəkətlərini konkret istiqamətə yönəltmək
imkanı var.

Sizin regionunuz ABŞ üçün prioritet deyil, ancaq bu vəziyyət ABŞ və onun
müttəfiqləri arasında İranla qarşıdurma yaranana qədərdir. Qarşıdurma isə,
demək olar ki, qaçılmazdır. O zaman Azərbaycanın mövqeyi ABŞ üçün çox şey ifadə
edəcək və Bakı Vaşinqtonun xarici strateji siyasətinin mərkəzində olacaq.
Ümumiyyətlə, Azərbaycan geosiyasi mənada (mən heç enerji resurslarından
danışmıram) Qərbə Cənubi Qafqazın istənilən ölkəsindən qat-qat çox təklif edə
bilər.

Nair Əliyev

Source link