Riyakar taksi sürücüləri və ya Bakının imicinə zərbə

Riyakar taksi sürücüləri və ya Bakının imicinə zərbə

Baxış sayı: 2. 699 dəfə baxılıb.

Bakıda möhtəşəm tədbirlərin keçirilməsi zamanı taksi sürücüləri ilə bağlı xoşagəlməz hadisələr baş verir. 

ÇıxışYolu.Com xəbər verir ki, hər şey Bakının “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman başlanıb. 

Demək olar ki, hər gün turistləri aldadan, onlardan külli miqdarda pul istəyən riyakar taksi sürücüləri ilə bağlı məqalələr dərc olunub.

Azərbaycandakı “Eurovision” müsabiqəsini ölkəmizdə keçirilən möhtəşəm tədbirlərin flaqmanı adlandırmaq olar. Məhz bundan sonra Bakı və regionlarda Şahmat Olimpiadası, Avropa Oyunları, İslam Oyunları və nəhayət, “Formula-1” yarışları keçirilib.

Taksi sürücüləri ilə bağlı analoji vəziyyət “Formula-1” Azərbaycan Qran-Prisi zamanı da baş verib.

Bununla bağlı məlumatlar sosial şəbəkədə yayılıb və müzakirələrə səbəb olub.

Taksi sürücülərindən bir qismi park yerini qorumaq üçün qısa məsafəyə getməyə razılıq vermirlər, digərləri isə mindirdikləri turisti uzun yollarla aparmaqla sayğacın çox işləməsinə çalışırlar. 

Ancaq ən pisi isə odur ki, taksi sürücüləri turistlərin sadəlövhliyindən istifadə edərək onlara gediş haqqından bir neçə dəfə çox olan məbləğ deyirlər. Ən maraqlısı odur ki, Bakıda müxtəlif tədbirlər zamanı əcnəbilərin taksi sürücüləri tərəfindən aldanılması yerli sakinlərin üçün adi hala çevrilir.

“Mən Bayraq meydanında taksiyə əyləşdim və dedim ki, məni Qız qalasının yanına aparsın. Gediş haqqını soruşmadım. Bu 3, maksimum 4 manat olacaqdı. Biz Qız qalasına çatanda şofer məndən 10 manat istədi. Əlbəttə, onunla mübahisə etdim. Taksi sürücüsü dedi ki, guya göndərilmə nöqtəsi ödənişli olub”, – Bakı sakinlərindən biri öz sosial şəbəkə hesabında yazıb. 

Taksi sürücüləri ən çox aeroportdan Bakıya gələn insanları aldadırlar. Onlar maksimum 15-20 manata başa gələn yol üçün müştərilərindən 150-200 dollar alırlar. 

Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov deyib ki, taksi sürücüləri nə qədər ölkəsinin imicindən çox öz şəxsi gəlirlərini düşünəcəklər, bu kimi problemlər olacaq. 

“Bu problemlər bu və ya digər xidmətin balansında olmayan taksi sürücüləri səbəbindən baş verir. Düzdür, bəzən taksi xidmətlərində də bu kimi hala rast gəlmək olur. Ancaq əksər hallarda bunlar qeyri-leqal taksi şoferləridir.

“London taksiləri”nə gəlincə, bu problem daha qlobaldır. Əvvəllər bu taksilər paytaxtın əsas simvoluna çevrilmişdilər. Demək olar ki, bütün turistlər Bakıda bu taksilərə minirdilər və şəkil çəkdirirdilər.

Ancaq bu gün hər şey köklü şəkildə dəyişib. Turistlər bu taksilərdən uzaq dururlar. Əsas məsələ bundadır ki, sürücülər üzərində nəzarət yoxdur. Onlar nə istəyirlərsə, edirlər. Təsəvvür edin, onlar turistdən qat-qat çox pul alırlar”, – ekspert qeyd edib. 

Bir sual qalır: bu riyakar sürücülərə kimlər nəzarət edir və belə vəziyyətdə kimə şikayət etmək lazımdır?

Əli Məmmədov
www.ÇıxışYolu.Com