Riyakar və obyektivlikdən uzaq Fransa: Makronun “mirzələri” Azərbaycana qarşı
– ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağda Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərə riyakarcasına
və iyrənc formada Fransa rəhbərlik edir, saxta erməni sevgisi ilə “ermənidən
artıq erməni olmağa” çalışır, ölkə rəhbərliyi daxili və xarici problemlərini
həll etmək əvəzinə, müstəqil xarici siyasət həyata keçirən dövlətləri hədəfə
alır. Ən acınacaqlısı odur ki, bu “siyasət” ən çirkin formada bütün sahələri
əhatə etməkdədir. Parisin nifrət və kini o həddə çatıb ki, hətta ölkəsində
Azərbaycanı xatırladan nə varsa aradan qaldırmağa çalışır. Azərbaycanlı şairə
Natəvanın abidəsinin götürülməsindən tutmuş səfirlikdə casus yerləşdirməyə kimi
hər bir qərəzli addıma yol verilir. Artıq Fransa Prezidenti Emmanuel Makronun
çirkin və qərəzli kampaniyasına fransız mediası da cəlb edilib.
Azərbaycan haqqında hədyanlar yaymaq üzrə ixtisaslaşan “Le Monde”, “Le
Figaro”, “France Info”, “Le Huffington Post” və s. kimi obyektivlikdən uzaq
nəşrlər erməni lobbisi və kolonial dəyərlərin daşıyıcısı olan ölkələrinin
ruporuna çevriliblər. Söhbət Parisin Azərbaycanda casusluq fəaliyyəti ətrafında
yaşanan qalmaqaldan gedir. Həmin məlumatlara nəzər saldıqda onların
obyektivlikdən uzaq olduğuna və qərəz üzərində qurulduğuna əmin olursan.
Bunların heç birində rəsmi Bakının mövqeyi nəzərə alınmayıb. Məsələn,
azərbaycanlı diplomatların Parisdən çıxarılma səbəbləri göstərilmir. Halbuki,
Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşı
“persona non grata” elan edilməzdən əvvəl qarşı tərəfə nota göndərilib və
məsələlərin araşdırılması zərurəti vurğulanıb. Azərbaycan XİN rəhbəri Ceyhun
Bayramov da bəyan edib ki, əgər Fransa tərəfi həmin şəxslərin günahsız
olmasında əmin idisə, araşdırma apara bilərdi. Ancaq buna getmədilər və səfir
XİN-ə dəvət olunaraq ona etiraz bildirildi. Ortaya heç bir əsas qoymayan Fransa
tərəfindən səfir Leyla Abdullayeva XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı
ilə bağlı qərar ona təqdim olunub. Rəsmi Bakının addımları ilə Yelisey
sarayının addımı arasında böyük fərq var, yəni Bakı sübutlarla danışıb.
Artıq əksəriyyətin də gəldiyi qənaət budur ki, bütövlükdə Bakı ilə Paris
arasında siyasi gərginlik və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun
bildirdiyi kimi, iki ölkə arasında münasibətlərin ən aşağı səviyyədə olması,
əslində, geosiyasi qüvvələr arasında qəliz qarşılıqlı əlaqələrin olduğunu əks
etdirir. Fakt odur ki, Azərbaycanın iki fransız diplomatını “persona non grata”
elan etməsi və Fransanın buna iki azərbaycanlı diplomatın ölkədən çıxarması
şəklində cavabı Parisin Bakı ilə İrəvanın münasibətlərinə fəal müdaxiləsinin və
bu məsələdə Avropa strukturlarına təzyiqinin təzahürüdür.
Yeri gəlmişkən, nəşrlər riyakarcasına Azərbaycan KİV-ini anti-Fransa
kampaniyası aparmaqda ittiham etməkdən də çəkinməyiblər. Halbuki, yerli media
qarşı tərəfin proseslərə qərəzli və ikili yanaşmasını sərt tənqid edib. Belə
yanaşmanın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik etmiş bir dövlətə
yaraşmadığını dəfələrlə qeyd edib. Yəni hamısı yalnız qərəzli yanaşmaya cavab
tədbirləri olub.
Əksər media vasitələri heç bir yerdə Azərbaycanın mövqeyini əks etdirməyiblər,
yaxud buna cəhd belə göstərməyiblər. Bu da onların müstəqil, obyektivlikdən
uzaq olduqlarının göstəricisidir.
Bu faktdır ki, Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti son 30 ildə
ən aşağı səviyyədədir və xarici işlər naziri Ceyhun Bayramov da bunu ilin
yekunlarına dair mətbuat konfransında bir daha təsdiq edib. Bəs bunun səbəbkarı
kimdir? Azərbaycan, yoxsa Fransa? İkinci Qarabağ müharibəsi başlayandan bəri
Azərbaycana qarşı qərəz, ikili mövqe qabarıq şəkildə üzə çıxıb. Əslində, elə 30
il boyunca belə olub. Sadəcə, münaqişənin dondurulmuş vəziyyətdə olması
Fransanı qane edib və bu səbəbdən də birtərəfli mövqe nümayiş etdirməyib.
Qarabağda müharibədən sonra Fransa öz ziyanverici əməlləri ilə Ermənistanla
Azərbaycan arasında sülhün əldə olunması perspektivlərinin qarşısını almağa
çalışır. Son hadisələr də bu dövlətin riyakar və qərəzli mövqeyini ortaya
qoyub. Açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT-nin
Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif
beynəlxalq platformalarından alət kimi istifadə etməsi onun mümkün vasitəçi
kimi, onsuz da, şübhəli olan reputasiyasını tamamilə sarsıtdı. Həm də Bakının
Fransanın aparıcı rollardan birinə sahib olduğu Avropa İttifaqına inamını ciddi
şəkildə sarsıdıb.
Parisin İrəvanı ölümcül silahlarla təchiz etməsi Cənubi Qafqaz regionunda
sabitliyi və təhlükəsizliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız
silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə
olunması perspektivlərini süni şəkildə ləngidir.
“Report” İnformasiya Agentliyi