Rəqib bizə çətinliklər yaratdı. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Onların təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün reaksiya göstərdi. Raufun vurduğu qoldan sonra isə hər şey bizim xeyrimizə cərəyan etdi.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Rusiya təmsilçisi “Arsenal”a 3:0 hesabı ilə qalib gələn bakılıların baş məşqçisi oyunu şərh edib.
O, qarşılaşmada zədələnərək meydanı erkən tərk edən Emin Mahmudovun zədəsi haqqında da danışıb: “Emində həftə boyu bu problem yaranmışdı. Buna görə də kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyunla əlaqəlidir. Tuladakı görüşdə də belə hal yaşanmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Təkcə Emin yox, digərləri ilə də. Çünki oyun boyu bəzi oyunçularda qıcolmalar yaranırdı”.
R.Bordin növbəti rəqib haqqında artıq düşünməyə başladıqlarını bildirib: “Çalışacağam, əvvəlcə oyunçularla qələbəni qeyd edim. Daha sonra növbəti mərhələnin hazırlığına başlayacağıq”.
İtaliyalı mütəxəssis Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdükləri haqqında suallara da cavab verib: “Buna görə sevinirik. İndi yalnız bugünkü qalibiyyəti düşünürük. Bununla kifayətlənmirik. Çalışacağıq ki, qələbələri sıralamaqda davam edək”.