Roberto Bordin: “Şerif”lə heç bir problemim olmayıb

Roberto Bordin: “Şerif”lə heç bir problemim olmayıb

Baxış sayı: 2. 349 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, “Neftçi” klubuna italyan baş məşqçi Roberto Bordin baş məşqçi təyin olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün münasibətlə mətbuat konfransı keçirilib.

İlk öncə “Neftçi TV”nin Roberto Bordinlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Bundan sonra klubla italyan çalışdırıcı arasında müqavilə bağlanılıb.

“Neftçi”nin prezidenti Kamran Quliyev çıxışında bildirib ki, onunla razılıq bazar ertəsi əldə olunub: 

“O, Azərbaycanda işləməyə gələn ilk italyan baş məşqçidir. İlklər isə həmişə yaxşı alınır. Biz dünən onunla müqavilənin bütün detallarında razılığa gəldik. Onunla iki illik müqavilə bağladıq”.

Daha sonra Roberto Bordin fikirlərini bildirib:

“İlk növbədə klubun prezidentinə təşəkkürümü bildirirəm. Çünki o mənə etimad göstərdi, belə bir kluba gəlməyimə şərait yaratdı. Növbəti mövsüm çətin olacaq. Ancaq bu faktı qeyd etmək lazımdır ki, “Neftçi” Azərbaycanın ən titullu klublarındandır. Ümid edirik ki, biz bu mövsümə yaxşı başlayacağıq. Klubun rəhbər heyətində yer alanlar da ambisiyalıdır. Göstərilən videoçarxa görə təşəkkürümü bildirirəm. O videoda mən cavan idim və hələ saçlarım tökülməmişdi”.

– “Neftçi”yə hansı şərtlər daxilində gəldiniz? Klub haqqında hansı məlumatlara malik oldunuz?

– “Neftçi”ni Milan “İnter”i ilə Avroliqa oyunlarından tanıyırdım. Bu klub haqda məlumatlı idim. Klub prezidenti ilə ilk görüşümüzdə, demək olar ki, bir-birimizi anladıq və qeyri-adi suallar olmadı. O bizə klubun tarixindən, nailiyyətlərindən danışdı deyə başqa suala ehtiyac qalmadı.

– “Neftçi”nin bütün çempionluqları yerli məşqçilərlə olub. Siz komandanı çempion etsəniz, ilk əcnəbi baş məşqçi kimi tarixə düşəcəksiniz…

– Bu çox gözəl hiss olar. Bu sevinci yaşamaq istərdim.

– “Qarabağ”la rəqabət barədə nə deyə bilərsiniz?

– Bildiyimə görə, “Neftçi” əvvəllər də “Qarabağ”ın yer aldığı çempionatda mübarizə aparıb və çempion olub. Biz keçmişdən yox, gələcəkdə görəcəyimiz işdən danışaq. Düşünürəm ki, tək bizim üçün yox, digər komandalar üçün də çətin olacaq. Əsas önəmli deyil ki, kim gələcək.

– İki yerli qapıçınız var. Yeni qapıçı transferi olacaqmı?

– Deyərdim ki, “Neftçi”də 2 yox, 3 yerli qapıçı var. Biri də 21 yaşadək qapıçıdır. Onların hər üçünün müqaviləsi var. Biz hər üçündən də razıyıq.

– Adətən İtaliya futbolu müdafiəsi ilə seçilir. Siz də bu ənənəyə sadiq qalıb “Neftçi”yə müdafiə futbolu oynadacaqsınız?

– Sözsüz ki, mən bütün komandanı müdafiəyə yığmayacağam. Mən belə futbolun əleyhinəyəm. Özüm 4-3-3 sistemi ilə oynamışam. Rəqiblərdən asılı olaraq taktiki sxemlər fərqli olacaq.

– Sizdən əvvəlki baş məşqçilər “Neftçi”yə gələrkən müəyyən uğursuzluq fonunda onların zamana ehtiyaclarının olması ilə əlaqələndirib. Siz Avroliqada uğursuzluq olacağı halda, bunu bəhanə etməyəcəksiniz?

– Düzdür, ilkin mərhələyə az qalıb. Mənim fiziki hazırlıq üzrə köməkçim Andrea ilə futbolçular üzərində çox çalışıb bu vaxt azlığını aradan qaldırmağa çalışacağıq.

– “Şerif” titullarına görə Moldovanın “Neftçi”si sayılır. Bu klubdan ayrılmağınızın səbəbi nə oldu? Klub sizə müqavilə təklif etmədi, yoxsa siz özünüz Moldovadan ayrılmaq istədiniz?

– “Şerif”lə ilyarım işlədim. Orda kifayət qədər ciddi uğurlar əldə etdim. “Şerif”lə heç bir problemim olmayıb. Sadəcə olaraq, özüm qərar verdim ki, klubumu dəyişim.

Səbuhi TOFİQOĞLU
FOTO: Sadiq FƏRZƏLİBƏY
www.ÇıxışYolu.Com