e101618c-395c-4547-90fc-b178a909da40..jpg

Romantik musiqinin istinad yeri – “Kaspi”nin REPORTAJI + FOTO

Baxış sayı: 470 dəfə baxılıb.

Romantik musiqinin istinad yeri – “Kaspi”nin REPORTAJI + FOTO

“Ferens List adına Hava Limanına xoş gəlmisiniz!” Macarıstanın paytaxtı
Budapeştin hava limanına enən sərnişinləri bu cümlə qarşılayır. Paytaxt sonra
qonaqlarını görkəmli bəstəkarının möhtəşəm musiqisi səslənən konsert
salonlarına, adını daşıyan, sənəti ilə iz qoyduğu tarixi tikililərə baxmağa,
memorial muzeyinə ziyarətə dəvət edir…

“Kaspi”

qəzetinin Budapeştdən hazırladığı reportajı təqdim edirik:

Bir-birindən qədim tarixi binaların yerləşdiyi küçədə (Verosmartu 35) sarı
rəngli künc binanın ikinci mərtəbədəki pəncərələrinin üstündə Bax, Motsart,
Haydn, Erkel, Bethoven və List kimi məşhur bəstəkarların barelyefləri var.
Görkəmli macar bəstəkarı və pianoçusu List nəinki bu binada yaşayıb, həm də
şəhərdə Musiqi Akademiyası qurub. Bina 1879-cu ildə Listin səyi ilə yaradılmış
Macarıstan Musiqi Akademiyası üçün tikilib. Bəstəkar bu akademiyada milli
musiqi kadrlarının yetişməsi üçün gecə-gündüz çalışıb.

Listin ölümündən sonra Konservatoriya üçün yeni bina tikilib, köhnəsi isə
tamamilə Ferens List İrsini Öyrənmə İnstitutuna verilib. Böyük bəstəkar ömrünün
son 6 ilini akademiyanın prezidenti və professoru olaraq bu binanın 1-ci
mərtəbəsində yaşayıb. 1986-cı ildə – Ferens Listin ölümünün 100-cü ildönümündə
muzey bu evdə fəaliyyətə başlayıb.

Almanlarla macarların bölə bilmədiyi bəstəkar

Ferens List həm də simfonik şeir tərzinin banisidir. Çoxları onu alman
bəstəkarı hesab edir. Çünki musiqiçi həyatının çox hissəsini Almaniya
ərazisində yaşayıb və çalışıb. Ancaq buna baxmayaraq, List təkcə musiqisində
deyil, həm də hər il qışı və yazını Budapeştdə keçirmək vərdişində özünü
göstərən macar köklərini heç vaxt unutmayıb. Fortepiano üçün yaratdığı məşhur
“Macar rapsodiyaları”, “Macarıstan” simfonik əsəri bu fikrin təsdiqidir.
Musiqişünaslar yazırlar ki, ümumiyyətlə, List musiqisinin ruhu, onun təravəti
macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnı və rəqslərdən
bəhrələnir.

İlhamını planlaşdırılmamış səfərlərlə kəsməyi xoşlamırdı

Muzeyin girişində bəstəkarın səfər saatlarını göstərən taxta lövhə asılıb.
Yaradıcı bir insan kimi List ilhamını planlaşdırılmamış səfərlərlə kəsməyi
xoşlamırdı.

Pillələri qalxan ziyarətçiləri muzeyin qapısında bəstəkarın böyük portreti
qarşılayır. Eksponatlar ev-muzeyin orta otağında və birinci mərtəbədəki foyedə
nümayiş etdirilir. Ziyarətçiləri hər otaqda bəstəkarın musiqisi müşayiət edir.

Muzeyə gələnlər bəstəkarın qonaq, yataq və iş otağı, eyni zamanda müvəqqəti
sərgilərin keçirildiyi zalla tanış olurlar. Muzeyin bələdçisi məlumat verir ki,
Listin ölümündən sonra Budapeştdə saxladığı musiqi alətləri, kitablar və
partituralar Musiqi Akademiyasına bağışlanmalı idi. Onun şagirdləri – Ödön
Mihaloviç, Jeno Hubay, İstvan Toman kolleksiyaya qiymətli sənədlər qatıblar.
Digər ianələr və miraslar da kolleksiyanı zənginləşdirib. Kolleksiya Musiqi
Akademiyasının filialı olan Ferens List Memorial Muzeyi və Araşdırma Mərkəzi
tərəfindən idarə olunur.

Qonaq otağında qədim musiqi alətlərinin kiçik kolleksiyası diqqət çəkir.
Bostonda hazırlanan “Chickering” royalı 1867-ci ildə Paris sərgisində qızıl
medala layiq görülüb. Öz alətlərinin qələbəsindən sonra Boston fabrikinin
işçiləri pianonu Ferens Listə təqdim ediblər.

Bethovenin “bürcü altında”

Ustadın yataq otağında xüsusilə maraqlı eksponatlar, məsələn, usta
Bösendorferin List üçün hazırladığı unikal yazı masası maraq doğurur. Masanın
orta çəkməcəsi miniatür pianodan ibarətdir. Çarpayısının üstündən asılmış
Bethovenin portreti qarşısında hər kəs ayaq saxlayır.

Nadir fotonun maraqlı tarixçəsini bələdçi danışır:

“Bu foto Listin uşaqlığının ən parlaq xatirəsidir. O, heç vaxt bu portretdən
ayrılmadı və onu özünün qoruyucu mələyi hesab edirdi. Çünki List hələ
uşaqlıqdan Bethovenlə görüşməyi xəyal edirdi. Bəstəkar sonralar xəstə olan
Bethovenin onun konsertinə necə qatıldığını xatırlayırdı. Bethoven ona haqqında
möcüzələr danışılan oğlanla – vunderkind uşaqla nəhayət, görüşməyə razılaşır.
Onda Listin 11 yaşı vardı və o, artıq konsertlər verir, improvizator kimi
istedadı ilə unudulmaz təəssüratlar yaradırdı. “Bethoven yanıma gəldi, əyildi,
əlini başıma qoydu, bir neçə dəfə saçlarımı sığalladı və pıçıldadı: “Budur, bir
improvizə! Siz şanslısınız və başqalarını xoşbəxt edəcəksiniz. Bundan yaxşı,
daha gözəl heç nə yoxdur”. Uşaq bu öpüşü xeyir-dua kimi qəbul edir. List həmişə
Bethovenin “bürcü altında” doğulduğuna inanırdı”.

Bəstəkarın çarpayısının yanında dua skamyası da var. Həyatının son
mərhələsində Listin taleyində gözlənilməz dönüş baş verib. O, 1865-ci ildə
Romada dini həyata meyl edərək rahib rütbəsini qəbul edib. Lakin musiqidən də
uzaqlaşmayıb, yaradıcılıq yolunu davam etdirib.

Məhz bu əlin yaratdığı musiqilər…

Muzeyin birinci mərtəbəsindəki foyedə də nadir eksponatlar yer alıb. “Listin
əli” muzeyin ən qiymətli əşyalarından biridir. Məhz bu əlin yaratdığı musiqilər
bütün dövrlərin möcüzəvi musiqisi hesab edilir. Hər şənbə günü bəstəkarın
mənzilinin yanında yerləşən orkestr zalında ziyarətçilər üçün səhər konsertləri
keçirilir. Listin etüdlərini, konsertlərini, sonatalarını çalmağı hər pianoçu
özünə böyük şərəf bilir.

Bələdçi deyir ki, muzeyin vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilən
Ferens Listə aid sənədlər bağışlanır:

“Ferens List Memorial Muzeyinin ekspozisiyası tədqiqatçılar üçün açıqdır və
binada fəaliyyət göstərən kitabxana onların işinə öz töhfəsini verir. Buradakı
kitablar, əlyazma və partituraların hər biri “List əmlakı” kimi qeyd olunur və
xüsusi olaraq qorunur, çünki onların bir çoxunda Listin orijinal qeydləri və
yaxud onun dostlarının ithafları var. Bu nadir və qiymətli əşyaların bərpası
uzun illərdir ki, davamlı olaraq aparılır”.

List sənəti və irsi bu günədək öz yüksək bədii dəyərini itirməyib və romantik
musiqinin ən parlaq səhifəsi olaraq qalmaqdadır.

Source link